Anar Əmrah Eldar oğlu Heydərov 1978-ci il fevralın 25-də Qərbi Azərbaycanın, Göyçə mahalının Qanlı kəndində anadan olub. 1995-ci ildə Bakı Kimya-Biologiya Litseyini bitirib və həmin il Türkiyə Respublikası Ankara şəhərində yerləşən Gülhanə Hərbi Tibb Akademiyasına daxil olub. 2002-2003-cü illərdə Samsunda Səhra Səhiyyə Məktəbi və Ankara GATA-da Acil Tıp Anabilim bölümündə təcrübəçi həkim olaraq çalışıb. 2003-2005-ci illərdə Bakıda Ulu Öndər Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində çalışan Dr.Anar Əmrah 2005-ci ildə GATA Ürək Damar Cərrahiyyəsi bölməsində uzmanlıq təhsilinə başlayıb.
Təhsil aldığı və çalışdığı illər ərzində bir çox xarici ölkələrin tanınmış klinikalarında elmi konfranslarda və simpoziumlarda fəal iştirak edib.
2011-2013-cü illərdə Ankara GATA Ürək-Damar Cərrahiyyəsi Klinikasında çalışan Anar Əmrah 2013-cü ildə Vətənə qayıtdıqdan sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Klinik Hospitalın Ürək Damar şöbəsinin rəisi vəzifəsində xidmətə başlamışdır. O, Baş Kilnik Hospitalda ürək əməliyatlarının həyata keçirilməsini başlatmış və inkişaf etdirib.
Dünyada və Azərbaycan Respublikasında onlarla ilklərə imza atan Anar Əmrah Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən 2018-ci ildə xüsusi xidmətlərinə görə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib. Hazırda Respublika Diaqnostika Mərkəzi, Bakı Ürək Mərkəzində Ürək Damar Cərrahiyyə Şöbəsinin müdiri vəzifəsində çalışır. 44 günlük Vətən Müharibəsi dövründə döyüşlərdə yaralanan onlarla qəhrəman əsgər və zabitlərimizin həyatının qurtarılmasında, sağlamlığının bərpasında təcrübəli və bir peşəkar hərbi həkim kimi Dr.Anar Əmrahın xüsusi xidmətləri olmuşdur.
Tahirə AĞAMİRZƏ