Amuldağ qızıl yatağı fəaliyyətini dayandırmasa, region üçün yeni təhlükə yarana bilər.
Belə ki, Ermənistan Amuldağ qızıl yatağını heç bir ekoloji norma nəzərə alınmadan istismar edir. Nəticədə mədən tullantıları Bərgüşad çayına axıdılır. Ağır metal tərkibli tullantılar Həkəri çayı vasitəsilə Araz çayını çirkləndirir. Qızıl yatağının bu cür istismarı Qafqaz dağları ilə əhatə olunan və onun əhalisi üçün ciddi təhdiddir. Bu fakt "Azərkosmosun" təqdim etdiyi peyk şəkilləri ilə də isbat edilib.
Bu dəfə Ermənistan vətəndaş cəmiyyəti təşkilatları da bizimlə həmfikirdir.
"Sudan İstifadə Sahəsində Mütəxəssislər" İB-nin sədr müavini Amin Məmmədov: -Müəyyən etdik ki, Azərbaycanla həmsərhəd olan bir çox bölgələrdə Ermənistan tərəfindən mədən sənayesi işləri aparılır. Yəni əsasən fərqli nöqtələrdə qızıl, mis, moliben və digər qiymətli metallar çıxarılır və bunların da heç birinin ətraf mühitə təsiri qiymətləndirilməsi hesabatları təqdim edilmir. Nə Ermənistanın daxilində öz ictimaiyyətinə, nə də Espo konvensiyası üzrə. Halbuki, onların öhfəlikləri var. Lakin Türkiyə-Gürcüstan və Azərbaycan hökumətinə bu cür hesabatlar təqdim etmirlər.
Ekoloji Maarifçilik və Monitorinq İctimai Birliyinin sədri, Qəmzə Yusifova:
-Amuldağ dağ mədənlərinin qızıl yataqlarının istismarı zamanı ayrılan ağır metal tərkibli tullantılar Bərgüşad çayı vasitəsilə Həkəri çayına, oradan da Araz çayına, Araz çayından isə Xəzətə axıdılır ki, bu su hövzələrinin çirklənməsinə, ətraf mühitə, ümumiyyətlə, biomüxtəlifliyin və insanların həyatında ciddi xəstəliklər yarada bilən problemə səbəb ola bilir.
Bu isə ekoloji problemlərin miqyasını bir qədər də genişləndirir. Yəni tullantıların Araz çayı vasitəsilə Xəzərə axması birbaşa dəniz canlılarının məhvinə səbəb olur.
Eyni zamanda Amuldağ təbii mineral su yatağı olan İstisuya 13 kilometr məsafədə yerləşdiyindən mineral bulaqlara da ciddi zərər vurur.
Hazırladı: Tahirə AĞAMİRZƏ