21.09.2024, 20:52
AZ EN
07.08.2023, 11:05 273

Başımızın tacı Tacəddin

XƏBƏRLƏR

Anası deyir ki, Tacəddin Xarkovda ali təhsil almışdı və elə orada da çalışırdı. Müharibədən əvvəl Vətənə yenicə gəlmişdi. Tacəddin Vətən müharibəsinə yollananda anasına deməyib. Anası oğlunu sonuncu dəfə sentyabrın 21-də işə yola salanda görmüşdü... O, cəbhədə olanda da valideynlərinin narahat olmasını istəmirdi. “Narahat olmayın, hər şey yaxşı olacaq, biz yaxşıyıq, qalib gələcəyik”, - deyirdi. Doğmaları onunla axırıncı dəfə oktyabrın 29-da danışıblar. Sentyabrın 29-u onun üçün əsil  bayram idi. Deyirdi ki, Füzulini alıb bayrağımızı sancmışıq. Ata-anası da ona qoşulub sevinirdi... Sonra Tacəddingil Şuşaya yollandılar. Bundan sonra onunla telefon əlaqəsi kəsildi... Müharibə sona çatmışdı. Atası narahat halda Füzuliyə yollanıb ki, övladından bir xəbər öyrənsin...

Tacəddin Şahəddin oğlu Əzizli 1994-cü il avqustun 7-də Salyan rayonunun Sarvan kəndində anadan olub. 2000-2004-cü illərdə İ. Həsənov adına Sarvan kənd tam orta məktəbində, 2004-2011-ci illərdə isə Səbail rayonunun R. Hüseynov adına 49 nömrəli məktəb-liseyində təhsil alıb. 2012-2017-ci illərdə Xarkov Dövlət Ticarət və Qida Sənayesi Universitetində ali təhsil alıb. Tacəddin Əzizli 2017-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

Azərbaycan Ordusunun əsgəri olan Tacəddin Əzizli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

Tacəddin Əzizli noyabrın 9-da Şuşa döyüşləri zamanı qəhrəmancasına şəhadətə ucalıb. Şəhidimiz böyük izdihamla doğma Salyan rayonunda dəfn olunub.

Prezident İlham Əliyevin Sərəncamlarına əsasən Tacəddin Əzizli ölümündən sonra "Vətən uğrunda",  "Şuşanın azad olunmasına görə" və

 "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Anası deyir ki, mən övladımı müharibəyə gedəndən sonra yenidən tanıdım, onu bir daha kəşf elədim. O, döyüş yoldaşlarına qarşı çox sadiq olub və son tikəsini onlara bağışlayıb: “Əgər bir möcüzə baş versəydi və oğlumu görsəydim onu qucaqlayardım. Deyərdim ki, səninlə fəxr  edirəm, qeyrətli balam. Çox sağ ol ki, bu qədər hörmət qazanmısan özünə. Xarkovdakı yoldaşların, buradakı dostların da hər gün səndən damnışırlar. Mən hər gün sənin haqqında xoş söz eşidirəm...”

Bu gün hamının sevimlisi, Vətən tarixinin Zəfər salnaməsinə adını qanıyla yazan igid şəhidimiz Tacəddin Əzizlinin doğum günüdür.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, Şəhidim!

Mina RƏŞİD  

Oxşar xəbərlər