O, 1984-cü il dekabrın 20-də Lerik şəhərində anadan olub. Ailədə 4 uşaq olublar. Uşaqlıq illəri doğulduğu Lerik şəhərində keçib. Azərbaycanın ilk Milli Qəhrəmanı, şəhid Valeh Müslümov adına Lerik şəhər 2 saylı tam orta məktəbini bitirib. Orta təhsilini başa vurduqdan sonra sənədlərini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə verib və imtahandan keçə bilməyib. Ancaq həmişə mübariz olan Ramil ruhdan düşməyib. 2002-ci ildə yenidən bu məktəbə üz tutub və təhsil ocağına daxil olaraq Raket və Artilleriya Qoşunları və Artilleriya ixtisasına yiyələnib. O, 2006-cı ildə hərbi məktəbi başa vurub. Elə həmin il ailə qurub. 2007-ci ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Ehtiyat Zabit Hazırlığı kursunu müvəffəqiyyətlə başa vuran R.Ağayevə leytenant hərbi rütbəsi verilib. R.Ağayev Mingəçevir şəhərində N saylı hərbi hissəyə göndərilib və 2010-cu ilə qədər burada xidmət edib. O, leytenant rütbəsindən baş leytenant rütbəsinə qalxıb.
2010-cu ilin fevral ayından noyabr ayına qədər Gəncə şəhərində N saylı hərbi hissədə xidmət edib. Bundan sonra 2016-cı ilin may ayına qədər Murovdağ silsiləsində xidmətini davam etdirib. 2015-ci ildə ona kapitan rütbəsi verilib. 2016-cı ilin may ayından noyabr ayına qədər Naftalan şəhərində N saylı hərbi hissədə xidmət göstərib.
Kapitan R.Ağayev 2016-ci ilin Aprel döyüşlərində xüsusi qəhrəmanlığı ilə seçilib. Buna görə də, 2017-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən ona mayor rütbəsi verilib.
2020-ci ilin yanvar ayından etibarən Beyləqan şəhər "N" saylı hərbi hissədə xidmətini davam etməyə başlayır.
2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən II Qarabağ müharibəsində qərərgah rəisi, mayor Ramil Ağayev Cəbrayılın alınmasında xüsusi şücaətlər göstərib. O, qanlı savaşlarda daim öndə olub, dəfələrlə ölümlə üz-üzə gəlib, ancaq şəxsi heyətin itkilərinin az olması üçün əlindən gələni edib.
O, düşmənin 12 tankını, xeyli sayda canlı qüvvəsini məhv edib.
Mayor Ramil Ağayev 2020-ci il oktyabrın 8-də Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
R.Ağayev şəhid olarsa onu doğma Lerikdə torpağa tapşırmalarını vəsiyyət etmişdi. Qəhrəman şəhidimiz 2020-ci il oktyabrın 9-da doğulub boya- başa çatdığı Lerik şəhəridə böyük izdiham və ehtiramla canından çox sevdiyi Vətən torpağına tapşırılıb. Şəhidimizin Aysu və Zəhra adında iki övladı xalqımıza əmanətdir.
3-dərəcəli "Qüsursuz xidmətə görə", II dərəcəli "Qüsursuz xidmətə görə", "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubileyi, "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" və "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalları ilə təltif edilmişdi.
Şəhid mayor Ramil Ağayev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.
Cənnətdəki doğum günün mübarək, ruhun şad olsun, Şəhidim!
Mina RƏŞİD