Elimizin gözəl bir deyimi var: qardaşının necə xasiyyəti var, sorulduğunda
yoldaş olmamışam deyilib.
Onu xoş bir təsadüf nəticəsində, həm də müqəddəs bir məkanın ziyarətinə yola çıxdığımızda tanıdım. Mərdliyini, sədaqətini, yüksək mədəniyyətini, insani keyfiyyətləri gördükcə çox məmnun oldum. Sevindim ki, nə yaxşı ki, həyatda belə yaxşı insanlar da var...
Öncə Allaha, sonra Vətənə, dövlətə, xalqına, insanlara sonsuz sevgisi məhz onu hər zaman ucaldıb.
Haqqında söz açdığım insan Rizvan Sadıqovdur. Onun işıqlı ömrü çoxlarının yolunu nurlandırıb. O, sözün əsl mənasında doğulub boya, başa çatdığı doğma ata yurdu Kəlbəcərin, torpağının haqqını verən oğullardandır. Kəlbəcərin təmiz havası, təmiz suyu, dağlarının əzəməti Rizvan müəllimi hələ uşaq ikən daha da halallaşdırıb, saflaşdırıb.
60 ilinin 30 ilini Vətəndən uzaqda yaşayan Rizvan müəllim bir an belə olsun ata ocağını unutmayıb.
Ömrünün bu gözəl günündə doğma vətənində ata ocağını yenidən alovlandırmağını, ailəsi, övladları, nəvələri ilə o müqəddəs məkanda yaşamağı arzulayıram Ona...!
Sadıqov Rizvan Rza oğlu 1965-ci il aprelin 16-da Kəlbəcər rayonunun Nadirxanlı kəndində anadan olmuşdur.
1971-1981-ci illərdə orta məktəbdə təhsil almışdır.
1982-ci ildə Azərbaycan Neft-Kimya İnstitutunun mexanika fakültəsinə daxil olmuş, 1991-ci ildə həmin İnstitutu neft və qaz mədənlərinin maşın və avadanlıqlar ixtisası üzrə bitirmişdir.
Əmək fəaliyyətinə 1982-ci il 7 yanvar tarixdə “Suraxanıneft” Neftqazçıxarma İdarəsində Quyuların Əsaslı Təmiri sexində çilingər şagirdi kimi başlamışdır.
1983-1985-ci illərdə ordu sıralarında xidmət etmişdir.
1985-ci ilin iyun ayından “Azneft” İstehsalat Birliyinin “Suraxanıneft” Neftqazçıxarma İdarəsində Quyuların Əsaslı Təmiri Sexində çilingər, 1987-1990-cı illərdə həmin sexdə böyük mexanik vəzifəsində çalışmışdır.
1990-1991-ci illərdə Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Əzizbəyov Rayon Komitəsində katib vəzifəsində işləmişdir.
1991-1992-ci illərdə“Azneft” İstehsalat Birliyinin “Suraxanıneft” Neftqazçıxarma İdarəsi Quyuların Əsaslı Təmiri Sexində (QƏTS) böyük usta, 1992-1996-cı illərdə rəis müavini, 1996-cı ilin iyul ayından 2004-cü ilin mart ayınadək rəis vəzifəsində çalışmışdır.
2004-cü ilin mart-dekabr aylarında “Suraxanıneft” Neftqazçıxarma İdarəsində baş mexanik vəzifəsində işləmişdir.
2005-ci il 7 iyun tarixdən 2006-cı il 5 sentyabr tarixədək “Məişət Maye Qaz” ASC-də nəqliyyat şöbəsinin rəis müavini və baş mexanik vəzifələrində işləmişdir.
2006-cı il 6 sentyabr tarixdən 14 fevral 2022-ci ilədək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin mexanika şöbəsinin rəis müavini vəzifəsində işləmişdir.
2022 ci il 15 fevral tarixindən hal-hazıradək SOCAR “Azneft” İB
Dalma Qurğularının Təmiri və Kirayəsi üzrə Eksperimental İstehsalat Müəssisəsinin Baş mühəndis-direktor müavini vəzifəsində çalışır.
Ailəlidir.Üç övladı var.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Azərbaycan Neft Qaz Sənayesi Dövlət Elmi Tədqiqat və Layihə İnstitutunun dissertanturasını bitirmişdir (mövzu: Quyuların əsaslı təmiri zamanı vintvari quyudibi mühərrikin iş qabiliyyətinin və istismar keyfiyyətinin yüksəldilməsi problemi. İxtisas 05.02.13 Neft sənayesi; maşınlar, aqreqatlar və proseslər). Yeddi elmi məqalənin, bir elmi mühazirənin müəllifidir.
Rizvan Sadıqov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 20 aprel 2015-ci il tarixli əmrinə əsasən respublikanın neft və qaz sənayesinin inkişafında xidmətlərinə və məhsuldar əmək fəaliyyətinə görə Fəxri Fərmanla, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 19 sentyabr tarixli Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilmişdir.
Tahirə AĞAMİRZƏ