Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra Vətən uğrunda səfərbərliyə qalxan igid oğullardan biri kimi İlham Hüseynov da bu çağırışa qoşulub. 2020-ci ilin aprelində ehtiyata buraxılan İlham Hüseynov sentyabrın 21-də təlimlərə qatılıb. 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən Müharibəsində İlham ilk günlərdən döyüşlərdə iştirak edib. Onun döyüş yolu Goranboyun Tapqaraqoyunlu kəndi istiqamətindən başlayıb və
Suqovuşan uğrunda gedən döyüşlərdə davam edib. Cəsur döyüşçü, sərrast atıcı olan İ.Hüseynov oktyabrın 18-də Suqovuşan istiqamətində gedən qanlı döyüşlərdə qəhrəmancasına şəhadətə ucalıb.
Şəhidimiz böyük izdihamla doğma Göyçayda torpağa tapşırılıb.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamlarına əsasən İlham Umud oğlu Hüseynov ölümündən sonra "İgidliyə görə", "Laçının azad olunmasına görə", "Suqovuşanın azad olunmasına görə" və “Vətən uğrunda” medalları ilə təltif edilib.
İlham döyüşlərdə sonuncu dəfə atasıyla danışanda deyib ki, qələbə bizimlədi, hər şey yaxşı olacaq. Sağ-salamat qayıdacağıq, haqqını halal elə. Bundan sonra, oktyabrın 2-dən ailəsi onunla əlaqə saxlaya bilməyib. Nəhayət oktyabrın 18-də İ.Hüseynovun bölük komandiri atasına oğlunun şəhid olduğunu bildirib.
İlham Hüseynovun döyüş yoldaşları onun çox cəsur, qorxmaz bir əsgər olduğunu söyləyərək onunla bir döyüş yolu keçdiklərinə görə fəxr etdiklərini söyləyirlər. Onlar İlhamın doğmalarına da belə bir oğulla ancaq qürur duymalı olduqlarını bildiriblər.
Cəmi 20 yaşında adını qəhrəmanlıq salnaməsinə yazdıran və bizə Şanlı Zəfəri bəxş edənlərdən biri kimi İlham Hüseynov əbədi olaraq xalqın yaddaşında yaşayacaq.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, İlham balamız!
Mina RƏŞİD