Şuşa şəhərindəki baş meydanda əsaslı yenidənqurma və bərpa işlərinə başlanır. Artıq Abadlaşdırma işlərinin hansı şirkət tərəfindən həyata keçiriləcəyi də məlumdur.
"Vətən səsi" xəbər verir ki, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi “Şuşa şəhərində Baş plana uyğun olaraq D-1 zonası mərkəzi küçədə yerləşən meydanın abadlaşdırılması və təmiri işlərinin satınalınması” tenderinin nəticələrini elan edib. Tender Komissiyasının qərarına əsasın, bu iş qalib kimi seçilən “Qes Qrup” MMC-yə həvalə olunub. Mərkəzi meydanda təmir və bərpa işlərinin aparılması üçün qalib şirkətlə 649 min 984 manat məbləğində müqavilə imzalanıb.
Xatırladaq ki, Şuşa şəhərinin təsdiq edilmiş Baş planında orta, yüksək və qarışıq sıxlıqlı olan yaşayış binalarının inşa edilməsi, şəhər mərkəzinin, yeni tikiləcək və qorunub saxlanılacaq tarixi binalar və abidələrin yerləri öz əksini tapıb. Şəhərdə 17,6 kilometr yeni yolun inşası nəzərdə tutulur. Məlumata görə, şəhərdə artıq 36,2 kilometrlik yol var. Həmçinin, şəhərin baş planında ictimai dayanacaqların da yerləşmə yerləri müəyyən olunub. Baş plan hazırlanarkən, şəhərin relyefinə uyğun olaraq yaşıllıqları və landşaftı qoruyub saxlamaq, onu inkişaf etdirmək məqsədilə yaşıl dəhlizlərin inşası da nəzərdə tutulur.
Elxan SALAHOV