Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən Məhəmməd Əmin Rəsulzadənin Ankara şəhərinin Cəbəcə Əsri qəbiristanlığında yerləşən məzarının abadlaşdırılması istiqamətində kompleks işlər görülüb. Bu barədə səfərlik məlumat yayıb. Bildirilib ki, kompozisiyada dəyişiklik edilmədən məzar kompleksinin üzlük daşları daha keyfiyyətli materiallara əvəzlənib, solmuş yazılar və bayraq dirəkləri yenilənib. Həmçinin məzara gedən yol təmir olunub. Abadlıq işlərinin başa çatmasının ardından Məhəmməd Əmin Rəsulzadənin ildönümü ərəfəsində Azərbaycanın Türkiyədəki səfirliyinin kollektivi görkəmli ictimai-siyasi xadimin məzarını ziyarək edərək xatirəsini hörmətlə anıb.
Xatırladaq ki, abadlaşdırma işləri Azərbaycan Prezidenti İlham Əliyevin Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında sərəncamı çərçivəsində aparılır.
Hazırladı: Tahirə AĞAMİRZƏ