Zöhrab Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin Mingəçevir şəhərində yerləşən hərbi hissəsində xidmət edirdi. 44 günlük Şanlı Vətən Müharibəsi başlayanda ordumuzun əsgəri Zöhrab Allahverdiyev də döyüşlərə qatılıb. Qeyd edək ki, Zöhrabın atası Sübhan Allahverdiyev Birinci Qarabağ müharibəsi veteranıdır. Belə bir ailədə dünyaya gələn Sübhan da Vətənə sonsuz məhəbbət və düşmənə nifrət hissiylə böyüyüb. Hələ uşaq ikən deyərmiş ki, mən böyüyəndə Qarabağı geri qaytaracam! Ona görə də, Sübhan müharibəyə çoxdan hazır idi. Gənc əsgər vaxtilə atasının da vuruşduğu Tərtər, Ağdərə istiqamətində mərdliklə savaşıb.
Oktyabrın 10-da Suqovuşan döyüşləri zamanı qəhrəmancasına şəhadətə ucalıb. Şəhidimiz böyük izdiham və ehtiramla Şamaxı Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə Zöhrab Allahverdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Evin tək oğlu idi. Müharibədə oddan-alovdan keçən atası deyir ki, komandirləri, yoldaşları Zöhrabın mərdliyindən danışırlar. Oğlum doğma torpaqlarımız uğrunda şəhid olub, Vətən sağ olsun.
Şəhidimizin anasının danışdığı xatirələr isə daha kövrəkdi. Şəhid anası deyir ki, Zöhrab bir gün mənə dedi ki, ana, şəhid olsam neyləyərsən? Mən ağladım. Dedi, ana Şəhid olmaq hər kəsə qismət olmur, sən ağlama. Fəxr edirəm ki, belə bir övlad böyütmüşük. Həmişə zəng edəndə birinci atasına onu deyirdi ki, telefonu anama ver...
Əmisi də Zöhrab haqqında ürəkdolusu, can yanğısı ilə danışır: “Allahın işinə bax ki, 1992-ci ildə atasının döyüşdüyü Tərtər, Suqovuşan, Ağdərə istiqamətində, Talış dağlarında 30 ildən sonra övladı da vuruşub. Zöhrab döyüşlərdə çiynindən və boynundan yaralansa da, geri dönməyib. Öldü var, döndü yox, deyə yarasını bağlayaraq yenidən döyüşlərə atılıb və şəhadətə ucalıb.
Zöhrabın döyüş yoldaşları deyirlər ki, o, çox qayğıkeş idi, hamını yoxlayırdı, gedib uzaqdan su gətirirdi ki, döyüş zamanı için...
Doğmalarının dediyi kimi, Zöhrab onların gözbəbəyi olub. Elə bir oğul olub ki, kimsə ondan narazı qalmayıb...
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, qəhrəman Zöhrab balamız!
Mina RƏŞİD