"Mən çox şadam və bir daha özəl sektora müraciət edərək onlara çağırış etmək istəyirəm ki, Qarabağa və Şərqi Zəngəzura daha fəal investisiya qoysunlar. Artıq Hadrut qəsəbəsində, Daşaltı kəndində və Ağdam şəhərində bir neçə layihə özəl sektor tərəfindən icra edilir".
"Vətən səsi" xəbər verir ki, bunu Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində səsləndirib. Prezident deyib ki, keçmiş məcburi köçkünlərin öz yurduna qaytması və orada daimi yaşaması üçün dövlət öz üzərinə düşən vəzifəni icra edəcək: "Amma, eyni zamanda, mən hesab edirəm ki, Qarabağda və Şərqi Zəngəzurda ancaq o bölgədən çıxmış insanlar yaşamamalıdır. Azərbaycanın istənilən yerindən insanlar orada yaşamaq üçün imkanlara malik olmalıdır. Təbii ki, məsələn, Bakıdan, ya Sumqayıtdan oraya gedib yaşamaq istəyən getsin, ev alsın özünə, mənzil alsın, torpaq alsın, ev tiksin və orada yaşasın. Yəni, onun üçün dövlət, təbii ki, heç bir ev tikən deyil".
Prezident onu da deyib ki, Qarabağ və Şərqi Zəngəzurda bağ evi əldə etmək istəyənlər üçün deyil, orada yaşayacaq keçmiş məcburi köçkünlər üçün evlər tikilir. Dövlət başçısı bununla bağlı bütün aidiyyəti qurumlara tapşırıq verildiyini də vurğulayıb: "Ora bağ evi deyil, yaşamaq yeridir. Kim orada yaşamaq istəyirsə, dövlət onun üçün pulsuz ev də tikir, hər şey də təşkil edir. Əgər kimsə orada, sadəcə olaraq, gözəl təbiəti və təmiz havanı nəzərə alaraq köçmək istəyirsə, özəl sektor onlar üçün orada, məsələn, Ağdam şəhərində indi özəl sektor bir yaşayış kompleksi inşa edir, çoxmərtəbəli ev, kim istəyir gedib ondan ev alar, orada da yaşayar. Daşaltıda da, Hadrutda da bu gün bu layihələr icra edilir. Ona görə özəl sektora da mənim tövsiyəm budur ki, bundan istifadə etsinlər. Çünki vaxt gələcək, dediyim o Qarabağı və Zəngəzuru cənnətə çevirəcəyik, bu, reallığa çevriləcəkdir. Mənim heç bir şübhəm yoxdur, çünki şəhərlərin bütün Baş planları təsdiqləndi. Şəhərlərin bütün Baş planları dünyanın, daha doğrusu, Avropanın ən qabaqcıl şirkətləri tərəfindən hazırlanmışdır, o cümlədən Şuşa şəhəri. Şuşa elə bir şəhərə çevriləcək ki, bunun dünyada bənzəri olmayacaq, memarlıq və təbiət bir vəhdət təşkil edəcək.
Ona görə bizim özəl sektorumuz Bakıda, Sumqayıtda hər tində ev tikməkdənsə, getsinlər orada evlər tiksinlər və görərlər ki, o iqtisadi cəhətdən də səmərəli olar və eyni zamanda, biznesin sosial məsuliyyəti nöqteyi-nəzərindən də önəmli olar. Çünki bu gün biznes dairələri üçün Azərbaycanda çox gözəl şərait yaradılır və dövlət tərəfindən dəstək göstərilir. Ona görə biznesin sosial məsuliyyəti, hesab edirəm ki, bu olmalıdır. Getsinlər, müəssisələr qursunlar, evlər tiksinlər, zavodlar, fabriklər inşa etsinlər, dövlət isə öz üzərinə düşən bütün işləri görəcək - infrastruktur, xəstəxanalar, məktəblər, su anbarları, qazlaşdırma, içməli su, elektrik enerjisi, evlər, yollar, körpülər..."
Elxan SALAHOV