Süni İntellekt üzrə ekspert Dilarə Zamanova bildirib ki, əvvəlcə fərdi səviyyədə: insan qərar verməyi tədricən “ötürməyə” başlayır.
"Yəni seçim etmək, müqayisə aparmaq, risk götürmək kimi şeylər azalır. Bunun nəticəsində insanın öz qərarına güvəni zəifləyir. Sadə vəziyyətlərdə belə tərəddüd artır: “özüm qərar verim, yoxsa sistemdən soruşum?” Bu artıq asılılığa yaxın bir davranışdır. İnsan özü düşünmək əvəzinə cavab axtarmağa öyrəşir. Bir müddət sonra başqa bir effekt də ortaya çıxır: həddindən artıq sadələşdirilmiş düşüncə. Çünki süni intellekt çox vaxt məlumatı qısa, hazır formada verir. İnsan isə mürəkkəb məsələləri özü parçalamaq, analiz etmək bacarığını daha az istifadə edir. Bu da ümumi düşünmə keyfiyyətini aşağı sala bilər. Sosial tərəfdə isə məsələ bir az fərqli şəkildə görünür. İnsanlar real insanlarla ünsiyyətdə çətinlik çəkməyə başlaya bilər. Çünki AI ilə ünsiyyət problemsizdir — mübahisə yoxdur, emosional gərginlik yoxdur, qarşı tərəf səni “yormur”. Amma real həyatda ünsiyyət belə deyil. Bu fərqə alışan insan real münasibətlərdə daha tez yorula, qaça və ya uzaqlaşa bilər.
Bundan əlavə, informasiya mühiti də təsirlənir. Əgər insanlar süni intellektdən gələn məlumatı yoxlamadan qəbul edirsə, səhv məlumatın yayılması sürətlənir. Çünki eyni yanlış cavab çox sayda insan tərəfindən təkrar istifadə olunur. Bu da ümumi informasiya keyfiyyətini aşağı salır.Başqa bir sosial problem də məsuliyyətin “yayılmasıdır”. İnsanlar qərarın arxasında durmaq əvəzinə “belə tövsiyə olunub” deyə məsuliyyəti sistemə yönəldir. Bu isə həm iş mühitində, həm də gündəlik həyatda qərarların keyfiyyətinə təsir edir. Qısası, problem süni intellektin özündə deyil. Problem ondan istifadə edən insanın davranışındadır. Həddindən artıq güvən o nöqtəyə gətirib çıxara bilər ki, insan həm öz qərarına, həm də real ünsiyyətə qarşı daha zəif mövqe tutmağa başlayır. Bu isə uzun müddətdə həm fərdi, həm də sosial səviyyədə hiss olunan dəyişikliklər yaradır”, - deyə ekspert qeyd edib.
Süni intellektin gələcəkdə insan kimi olub-olmayacağı barədə sualların çox verildiyini deyən ekspert bildirib ki, burada bir az reallığı qəbul etmək lazımdır: "Bəli, bu texnologiya çox sürətlə inkişaf edir, amma hələ də alətdir. O məlumatı analiz edir, əlaqələri tapır, nəticə çıxarır. Amma insan kimi vəziyyəti “yaşamır”, hiss etmir, öz məqsədini özü qurmur. Sadəcə verilən çərçivə daxilində işləyir. Ona görə də yaxın vaxtda süni intellektin insan səviyyəsində ümumi zəka əldə edəcəyini demək bir az şişirtmə olar. Daha real olan odur ki, həyatımızda daha çox yer tutacaq və bir çox işi asanlaşdıracaq. Amma bu, o demək deyil ki, insanı tam əvəz edəcək. Son olaraq, süni intellekt yaxşı köməkçidir, amma onu “son söz” kimi qəbul etmək düzgün deyil. Həmişə bir az yoxlamaq, bir az şübhə ilə yanaşmaq lazımdır. Yoxsa bir müddət sonra insan özü qərar verməkdə çətinlik çəkər". (AZƏRTAC)