AMEA-nın coğrafiya institutunun şöbə müdiri Mirnuh İsmayılovun Azərbaycan Televiziyasına verdiyi məlumata görə, Oxçuçay hazırda bölgənin, bəlkə də dünyanın ən çirklənmiş çayıdır. Halbuki bir vaxtlar bu çay regionun həyat mənbəyi idi. Alim deyir ki, bütün çaylarımızın problemləri var. Amma Oxçuçayın problemləri xüsusilə çoxdu, çünki bilavasitə Ermənistanın içindən keçib gəlir. Hələ işğal dövründən əvvəl də, sovet hakimiyyəti illərində Oxçuçay güclü çirklənməyə məruz qalmışdı. Bunun səbəbi o idi ki, Qacaran, Qafan mis-molibden mədənlərinin sürətlə işləməsi nəticəsində yaranan tullantı suları bu çaya axıdılırdı. Çayın suyu demək olar ki, qırmızı rəngdə axırdı və ölü çay dərəcəsinə gəlmişdi. Biz bu məlumatı o vaxt dərsliklərə də əlavə etmişdik.
Çayın axdığı ərazi Azərbaycan ərazisində tektonik qırılmaya uyğun gəlir. Yənu çayın sol sahilində Süsən dağlarıdı, sağ sahil yamacı isə söykənir Əsgülüm dağlarına. Bu dağ adlarına diqqət edəndə də görünür ki, insanlar bu şəraitə, landşafta uyğun olaraq onlara belə gözəl, sadə ad veriblər.
Oxçuçaydan əsasən suvarmada istifadə edilir. Vaxtilə insanlar çaya görə onun sahilində məskən salırdılar...
Oxçuçay hövzəsindən qısa bir məsafədə Araz çayının sahillərində quru çöllərdən tutmuş arid meşələrinə qədər müxtəlif landşaftı bu çay gəlib keçir. Oxçuçay bu landşaflar arasında ekoloji koridor rolunu oynayır, onları bir-biri ilə əlaqələndirir. Bu çay həm də burada yaşayan heyvanlar üçün sığınanacaq mənbəyidir.
Bütün bu okosistem üçün çox vacib olan Oxçuçay hazırda olduqca acınacaqlı bir vəziyyətdədir. Çaya yaxınlaşdıqda onun normadan artıq çirkləndiyini görmək mümkündü.
Oxçuçay hövzəsinin 70 faizi Zəngəzur ərazisindədir. Ermənistanın şəhərləri, ən böyük kəndləri də onun üzərindədi. Mis-molibden mədənlərindən başqa həmin kəndlərin bütün tullantı suları Oxçuçaya axıdılır. Çayda gələn üzərində erməni dilində yazılan plastik qablar və digər tullantılar da bunu sübut edir.
Əslində Oxçuçayın qidalandığı sular yeraltı çaylar və bulaqlar olduğundan çayın suyu da şəffaf və təmiz olmalıdır. Ancaq bəzən çay o qədər çirklənir ki, burada ölü balıqlar da müşahidə edilir. Təbiətdə çay axdıqca özünü təmizləyir, ancaq çirklənmə həddindən artıq çoxdursa ekoloji tarazlıq pozulur və çay ekosistemində gərginlik yaranır.
Buna görə də beynəlxalq təşkilatlar bu gün diqqqəti belə həssas məkana yönəltməlidirlər. Çünki Oxçuçaya belə münasibət bütün bəşəriyyətə və təbiətə yönəlmiş ən ağır cinayətdir.
Mina RƏŞİD