23.12.2024, 16:28
AZ EN
23.06.2023, 19:46 185

Laçın sakinlərinin növbəti səyyar qəbulu Abşeronun Pirəkəşkül qəsəbəsində keçirilib

XƏBƏRLƏR
  • Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti səyyar qəbulu Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində müvəqqəti məskunlaşmış sakinlərlə keçirilib.

50 nəfər keçmiş məcburi köçkünün iştirak etdiyi görüş-səyyar qəbulda çıxış edən Laçın RİH-in başçısı Aqil Nəzərli ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində qazanılan qələbədən, qısa müddət ərzində işğaldan azad olunmuş ərazilərdə aparılan geniş tikinti və quruculuq işlərindən danışıb. Ölkə rəhbərinin işğaldan azad olunmuş ərazilərə mütəmadi səfərlərindən, o cümlədən, İlham Əliyevin bu il mayın 27 və 28 tarixlərində işğaldan azad olunmuş Laçın rayonuna səfərini qeyd edərək, doğma şəhərinə qayıdan əhali ilə görüşünün və onlara mənzillərinin açarlarının təqdim olunmasının bütün Laçın rayon sakinlərinin yaddaşında həmişə ən xoş xatirələrlə xatırlanacağını bildirib. İkinci köçürmə mərhələsində 22 ailə, 72 nəfər sakinin, üçüncü köçürmə mərhələsində 13 ailə, 44 nəfərin Laçın şəhərinə köçürüldüyünü vurğulayan rayon rəhbəri köçürmə prosesinin mərhələlərlə davam etdiriləcəyini söyləyib.

Rayon rəhbəri çıxışında eyni zamanda şəhid ailələrinə, müharibə əlillərinə, məcburi köçkünlərə göstərilən dövlət qayğısından söz açmış, son illər məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı xeyli işlərin görüldüyünü, 100-dən artıq müasir yaşayış kompleksinin və qəsəbələrin salındığını, digər köçkünlərlə yanaşı yüzlərlə laçınlı məcburi köçkün ailəsinin də yeni mənzillərlə təmin edildiyini bildirib. O, daha sonra çıxışında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da ölkənin sosial-iqtisadi həyatındakı xidmətlərindən söz açaraq, keçmiş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətindəki çoxşaxəli fəaliyyətindən danışıb.

Səyyar qəbulda məcburi köçkünlərin müraciətləri dinlənilib, həmin məsələlərə baxılması üçün aidiyyəti üzrə konkret tapşırıqlar verilərək, icrası nəzarətə götürülüb.

Qeyd edək ki, qəbulda Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, həmçinin müvafiq inzibati ərazi dairəsi üzrə nümayəndəliyin işçiləri iştirak ediblər.

Səyyar görüşdə iştirak edən rayon sakinləri doğma torpaqlarımızın işğaldan azad olunmasına, onlara dövlət tərəfindən göstərilən davamlı diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Mina RƏŞİD

Oxşar xəbərlər