28.04.2025, 14:37
AZ EN
18.10.2023, 09:00 534

Adını hər yerdə ucaldan oğul

XƏBƏRLƏR
  • Bakı şəhəri Xətai rayonu Tahir Bağırov adına 59 saylı tam orta məktəbin 7 "a" sinifi II Vətən müharibəsində şəhid olan Hüseynzadə Səməd Səttar oğlunun adını daşıyır. Həmin sinifdə Şəhid Səməd Hüseynzadənin doğum günündə xatirəsi yad edilir. 7 "a" sinif şagirdləri şəhidimizin doğum günündə onun adına düzənlənən tədbiri öz ürək sözləri və söylədikləri şeirlərlə bəzəyirlər. Səmədin müəllimi isə onun dəftərlərini gələn qonaqlara fərəhlə göstərir. Deyir, bir onun əl işlərinə, yazlarına, səliqəsinə baxın...

Deyirlər, insan olduğu yeri bəzəyir, Səməd də oxuduğu orta məktəbdə, ali təhsil ocağında özünə hörmət qazanmışdı. Sonra bu hörmət daha da böyüdü. İndi onun adı daha da ucalaraq Vətənləşib və müqəddəs olub.

Bu gün doğum günü olan Vətən müharibəsi şəhidi, əsgər Səməd Hüseynzadə 1998-ci il oktyabrın 18-də İsmayıllı rayonunun Talıstan kəndində anadan olub. 2020-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetini bitirdikdən sonra hərbi xidmətə yollanıb.

2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsində könüllü döyüşlərə qatılan Səməd Hüseynzadə özüyeriyən artilleriya taqımının heyət nəfəri kimi iştirak edib. Narahat olmasınlar deyə, ata-anasına zəng edərək bildirib ki, ondan gec xəbər gəlsə üzülməsinlər, özü onlarla əlaqə saxlayacaq. Bundan sonra məlum olub ki, Səməd Vətən müharibəsinə yollanıb.

İgid əsgər oktyabrın 2-də Tərtər rayonunun Dəmirçilər kəndinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı düşmənin atdığı top atəşi nəticəsində şəhadətə ucalıb.

Şəhidimiz böyük izdiham və ehtiramla doğma İsmayıllıda torpağa tapşırılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Səməd Hüseynzadə ölümündən sonra “Vətən uğrunda”, "İgidliyə görə", "Xocavəndin azad olunmasına görə”, "Suqovuşanın azad olunmasına görə" və "Ağdamın azad olunmasına görə" medalları ilə təltif edilib.

Səməd Vətən uğrunda canından keçərək adını qanıyla Şanlı Zəfər Tariximizə yazdıranda cəmi 21 yaşı vardı. Onun müqəddəs adı həmişə yaddaşlarda qalacaq, xatirəsi heç vaxt unudulmayacaq!

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, Səməd balamız!

Mina RƏŞİD

Oxşar xəbərlər