23.12.2024, 09:13
AZ EN
09.08.2023, 10:40 312

Kitab Sizi gərginlikdən xilas edir

XƏBƏRLƏR
  • Bu gün Beynəlxalq Kitabsevərlər günüdür. Əlamətdar gün ilk olaraq Amerika Birləşmiş Ştatlarında qeyri-rəsmi olaraq Milli Kitab günü kimi qeyd olunmağa başlayıb, daha sonra bütün dünyaya yayılıb. Bu gün daha çox yazıçıların, naşirlərin, kitabxanaçıların və oxucuların bayramıdır. Bu bayramın ən gözəl hədiyyəsi sözsüz ki, kitabdır.

Kitabı balaca oxuculara, xüsusilə də ilk kitabı azyaşlıya bağışlamaqla onun mütaliəsinin başlanğıcını qoya bilərsiniz.

Qeyd edək ki, kitab oxumaq, öyrənmək ölkənin gələcəyi baxımından strateji bir əhəmiyyət daşıyır. Kitabsevərlər gününün də əsas vəzifələrindən biri mütaliəni yaymaq, onun əhatə dairəsini  genişləndirməkdir.

Güclü mütaliə alışqanlığının bir cəmiyyətə qazandıracağı faydaları alimlər iki sinifə bölürlər: Birincisi mütaliənin insanlara qazandıracağı məntiqi inkişaf, ikincisi isə oxuyan insanın içində olduğu cəmiyyət üçün faydalı ola biləcəyi iqtisadi inkişafdır. Mütaliə alışqanlığının insanın informasiya savadlılığını artırıb artırmaması mövzusunda tədqiqatçılar arasında fikir ayrılığı olsa da böyük əksəriyyət bunun müsbət təsir göstərdiyini düşünür. Bununla yanaşı mütaliənin insanın zehni inkişafına əhəmiyyətli təsir etməsi haqqında fikir birliyi mövcuddur. Mütaliə insanın düşünməsini və zehninin məşq etməsini təmin edən bir vasitədir.

Mütəxəsislərin fikrincə, mütaliə vərdişinin qazanılmasında ən vacib dövr  uşaqlıq və gənclik dövrlərdir. Azərbaycanda da uşaq və gənc oxucularla işləməyi bacaran mütəxəssis kitabxanaçı kadrların hazırlanması diqqət mərkəzində saxlanılır. Son illər ölkəmizdə kitab festivallarının, yarmarkaların daha çox təşkili, müsabiqələrin keçirilməsi, səyyar kitabxanaların fəaliyyəti onu deməyə əsas verir ki, bizdə kitaba münasibət əvvəlki illərə nisbətən getdikcə dəyişir.

Kitabı insanın ən sadiq dostu hesab edənlər yanılmayıblar. Çünki insanın müəyyən anları olur ki, kitab ona ağrılarını belə unutdurur. Bir də oxumağı vərdişə çevirənlər vaxtın azlığından şikayət etmirlər. Çünki onlar harada olsalar vəfalı dostlarından ayrılmırlar. İşə gələndə avtobusda, eləcə də, getdiyiniz yerlərdə növbələr zamanı sevimli kitabınız Sizi gərginlikdən xilas edir.

Odur ki, kitabsız olmayın. Bayramınız mübarək!

Mina RƏŞİD

Oxşar xəbərlər