...Tural Ağababa oğlu Hümmətov 1998-ci il mayın 20-də Lənkəran rayonunun Osaküçə kəndində dünyaya göz açmışdı. Altı övladlı ailənin sonbeşiyi idi. 2016-2018-ci illərdə həqiqi hərbi xidmətini artilleriya bölməsində keçmiş, əsgərlikdən qayıtdıqdan sonra əmək fəaliyyətinə başlamışdı. Anası Cəmilə Hümmətova deyir: “Tural ailəmizə dayaq idi. Bacısının yoldaşı rəhmətə gedib, ona da baxırdı. Yaşı az olsa da, çiyinlərindəki yük çox idi”.
...O, atandan qabaqdır,
O, anandan irəli...
Bilir ərlər, ərənlər
Vətənə tay olmayır,
Ömürdən pay verərlər,
Vətəndən pay olmayır…
Xalq şairi Cabir Novruzun bu məşhur misraları Turalın və onun kimi Azərbaycan oğullarının qısa, lakin şərəfli ömrünün mənasını ifadə edir.
Düşmənlə döyüşə Ağdərə istiqamətindən başlayan Tural topçu kimi işğalçıların bir çox mövqeyini darmadağın edib. Daha sonra Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin və bir çox kəndlərimizin işğaldan azad edilməsi uğrunda şücaətlə vuruşub. Noyabrın 7-də Şuşa ətrafında gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Həmin gecə ailəsinə zəng edərək hamını əmin edib ki, tezliklə Qələbə xəbərini çatdıracaq. Amma özünün şəhidlik xəbəri gəlib... Oğul itkisinə dözməyən atası Ağababa kişi isə iyirmi gün sonra dünyasını dəyişib.
Turalın bacıları qardaşları ilə daim qürur duyduqlarını bildirirlər. Şəhidin bacısı Gülüş Allahverdiyeva deyir: “Qardaş itkisi ağırdır. Amma onunla fəxr edirəm, qürur duyuram. Bütün şəhidlər bizim qardaşımızdır. Bacılar, başınızı dik tutun, bizim qardaşlarımız ölməyib. Onlar əbədi yaşayırlar”.
Tural Hümmətov ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Allah rəhmət eləsin.