Azərbaycanın milli sərvəti, yerli genefonumuzun əsaslarından olan Qarabağ atları tarix boyu ən dəyərli bəxşiş hesab edilib. Hətta sovet hökuməti 1953-cü ildə kraliça İkinci Yelezavetaya qiymətli hədiyyə olaraq tac qoyulduğu ildə Ağdam At Mərkəzində doğulan Zaman adlı Qarabağ atını hədiyyə edib. Bundan sonra Zamanın cazibəsi Böyük Britaniyada dəbə istiqamət də verib. Belə ki, həmin vaxtdan etibarən qadınlar cins atların rənginə uyğun olaraq saçlarını qızıla boyamağa və dəri gödəkçələr geyməyə başlayıblar. Əsrlər boyu həm ticarətdə, həm də müharibələrdə bu atlardan istifadə olunub. Onlardan İpək Yolu Üzərində Ticarət əlaqəsi kimi ipək və ədiviyyatların daşınmasında iştirak ediblər. Onları Azərbaycan mədəni irsinin əsas atributlarından biri də hesab etmək olar. Qarabağ atlarına toxunan hər kəs bir növ təlimdə səyahətə çıxır desək, yanılmarıq. Keçmişdə sülh müqaviləsi bağlamaq istəyən xanlar qarşı tərəfə Qarabağ atı hədiyyə edərmiş. Bu günümüzə gəlib çıxmağı isə elə də asan olmayıb. Çox təəssüf ki, sülh və əmin-amanlığı təmsil edən atlar 1990-cı ildə müharibənin qurbanına çevrilib. 1993-cü ildə Ağdam rayonunun işğalı ilə onlar da aid olduğu torpaqlardan didərgin düşüblər. Bir zamanlar nəsli kəsilmək üzrə olan cins atlar xoşbəxtlikdən bu təhlükəni artıq geridə qoyub.
Ölkə başçısının Qarabağ atlarına göstərdiyi diqqətin nəticəsi olaraq 2018-ci ildə Ağcabədi rayonunda Qarabağ Atçılıq Zavodu fəaliyyətə başlayıb.
Qarabağ Atçılıq Zavodunun direktoru Elman Qədirov deyir ki, ermənilər 1993-cü ildə Ağdam rayonunun Eyvazxanbəyli kəndini işğal edəndə bu atların demək olar ki, qara günləri başladı. Yalnış fikirlər yaranmasın ki, orda bizim Qarabağ Atçılıq Zavodundan bir baş belə qalmayıbdı, bu atların hamısı ordan işğal altından çıxarılmışdı. E.Qədirov əlavə edir ki, ancaq bu atlara yersizlik, şəraitsizlik çox böyük zərərlər vurmuşdu. Bura o zamanlar Ağdam Atçılıq Zavodunun qışlaqları olmuşdu. İki ildir ki, biz vətənpərvər insanlarda olan gözəl nümunələrdən, törədici ayğırlardan götürərək və istədiyimiz nəticəni hissə-hissə, yavaş-yavaş alırıq. Beş ildən sonra görəcəyik ki, bizim Qarabağ atları həmin tarixi şöhrətini özünə qaytarıb.
Qarabağ atlarının şəraitinin yaxşılaşması, sayının artması qədər onlara qulluq da olduqca vacibdir. Qeyd edək ki, hazırda fəaliyyət göstərən zavodda 302 baş cins yetişdirilir ki, onların da 11-i törədici ayqır, 78-i damazlıq badyan, digərləri isə müxtəlif yaş qruplarına aid olan cins atlardır. Zavod cins atların saxlanılması üçün bütün standartları qarşılayır. Zavodun baş zotexniki Yaşar Mirəliyevin sözlərinə görə, 2023-cü ildə bura gətirilən 23-ü dişi, 33-ü erkək olan dayça xüsusi qulluqla saxlanınılr: “Belə ki, hər səhər saat 7-də iş başlayan kimi atlara arpa verilir, otu da verilir. 1 saatdan, yarım saatdan sonra onlar şotkalanır, təmizlənir. Bir də günorta ot verilir. Axşam saat 6-ya 10 dəqiqə qalmış yenə də arpası, otu verilir. Atın tumarı da atın yemi ilə bərabərdir. Yəni 50 faiz onun yemidirsə, 50 faiz onun tumarıdı, günortadan sonra gəzintiyə çıxarılmasıdır ki, bizim işçilər bu işləri vaxtlı-vaxtında yerinə yetirirlər. Saturi ləqəbli törədici ayqırımız var, hal-hazırda ondan bala alırıq. Sayqa adlı atın iki balası, Kəklik adlı atın bir balası damazlıq madyanlar var ki, yəni yaxşı nəsildən olduğuna görə biz onu itirmirik”- deyə Y.Mirəliyev vurğulayıb.
Atların çevikliyini qoruyub saxlamaq üçün onlara müntəzəm məşqlər etdirilir. Məşqlər xüsusi təlimçilərin nəzarəti ilə həyata keçirilir. Atların qida təminatı isə zavoda məxsus geniş ərazilərdə əkilən otlarla ödənir. Baş zotexnikin sözlərinə görə yaxşı at yetişdirməklə bərabər, onların yem bazası da olmalıdır. Hal-hazırda da bizim özümüzün zavoda aid olan əki sahəmiz var ki, biz orda otlar əkib atlar üçün qurudub anbara yığırıq ki, qış aylarında istifadə edək. Bu ərzidə vələmir bitkisi var ki, at üçün vacib bir yem qidasıdır.
Qeyd edək ki, hazırda Ağcabədi rayonunda Qarabağ atlarının inkişafı üçün olduqca gözəl şərait yaradılıb. Lakin atların məskəni Qarabağdır. Bununla bağlı artıq lazımi addımlar atılıb. Cənab Prezident İlham Əliyevin tapşırığı ilə oktyabr ayında Ağdam rayonunu Eyvazxanbəyli kəndində yeni Qarabağ Atçılıq Zavodunun tikintisinə başlanılıb. Zavod fəaliyyətə başlayandan sonra Ağcabədi Atçılıq Zavodunda yerləşən cins atlar ora köçürüləcək.
Elman Qədirovun sözlərinə görə bu cins dağ, dağətəyi adlanır, dağ şəraitində bunlardan daha çox istifadə olunur. Ora göçdükdə daha fərqli, gözəl nəticələrə nail olacağıq. Çünki oranın sərinliyi, ot örtüyü tamamilə fərqlidir. O daha sonra əlavə edib ki, Ağdam Atçılıq Zavodunun çox uzun bir tarixi var. Bu gün bütün dünya da bilir ki, Ağdam Atçılıq Zavodu ancaq Qarabağ atları yetişdirir.
Hazırladı: Tahirə AĞAMİRZƏ