22.11.2024, 13:48
AZ EN
15.09.2022, 17:30 371

Şəhid anası: Qonşulara deyirdi ki, müharibə başlasa kəndimizdən ilk könüllü mən olacam...

XƏBƏRLƏR
  • 44 günlük Vətən müharibəsində öz qəhrəmanlıqları ilə dastan yazan mərd oğullarımızın hər biri ayrıca bir nümunədir. Torpaqlarımızın işğaldan azad olunması uğrundakı mübarizədə həmin oğullar gözlərini qırpmadan döyüşdülər və canları, qanları bahasına bizə qələbə sevincini yaşatdılar.

Bu Zəfərdə pay sahibi olmaq Vətən müharibəsi şəhidi Həsən Məmmədlinin də ən böyük arzularından biri idi.

Şəhidin anası Sveta Məmmədova Həsənin Vətəninə, elinə, obasına bağlı bir övlad olduğunu deyib: “Əvvəllər həmişə kənddə qonşularla söhbət edəndə deyirdi ki, müharibə olsa kəndimizdən döyüşlərə qatılan ilk könüllü mən olacam”.

Həsən həm özünü, həm də bizi illərdir həsrətində olduğumuz arzumuza çatdırdı. O, Murovdağ, Füzuli, Qubadlı, Cəbrayıl və Laçın uğrunda gedən döyüşlərdə iştirak etdi. 2020-ci ilin 5 noyabr tarixində Laçın uğrunda gedən şiddətli döyüşlərin birində qəhrəmancasına şəhidlik zirvəsinə ucaldı.

Şəhidimizin nəşi Samux rayonunun Çobanabdallı kənd qəbiristanlığında torpağa tapşırılıb.

Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə Həsən Qəhrəman oğlu Məmmədli ölümündən sonra “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.

Dövlət qayğısı ilə əhatə olunan şəhid ailəsinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Samux rayonunun Seyidlər kəndindəki yeni yaşayış kompleksində 3 otaqlı tam təmirli mənzil verilib. (AZƏRTAC)

Oxşar xəbərlər