Vahid 2020-ci il sentyabrın 27-də başlanan Vətən Müharibəsinin ilk günündən döyüşlərə qatıldı. Murovdağ istiqamətində şiddətli döyüşlərin fəal iştirakçısı oldu.
Cəsur kəşfiyyatçı Vahid Baxşıyev oktyabrın 30-da Goranboy rayonunun Tap Qaraqoyunlu kəndi istiqamətində qəhrəmanlıqla şəhadətə ucaldı.
Anası Mehri Baxşıyeva deyir ki, Vahidin hərb elminə böyük həvəsi vardı. “Çox gözəl övlad idi. Bir sözümüzü iki etməzdi. Evimizin sonbeşiyi idi. Şeir yazırdı. Müharibə vaxtı hər gün danışırdıq. "Vahid, özündən muğayat ol", deyirdim. Məni aldadırdı ki, guya döyüşlərə girmir. Təlimlərdən sonra evə gəlmişdi. Çantası 60-70 kiloqram olardı. Həmin çanta ilə dağlara çıxırdılar. O, mənim başımı ucaltdı. Vətənpərvər idi, müharibədən, erməniləri torpaqlarımızdan qovmaqdan danışırdı. Şəhid olan günü telefonla danışdıq. Günorta saat birdə zəngləşdik. Atası, qardaşı ilə zarafatlaşıb güldülər. Bir-iki saatdan sonra şəhid oldu. Məndən gizlətmişdilər...”
Vahid döyüşlərin ilk günlərində Murovdağ zirvəsinin azad olunması əməliyyatlarında fəal iştirak edib. Daha sonra cəbhənin digər istiqamətlərində vuruşub.
Doğmaları deyir ki, Vahid sakit uşaq idi. Məktəbdə oxuyanda vaxtından əvvəl əsgərliyə getmək istəyirdi. Vaxtı çatanda hərbi xidmətə yollandı. Xidmətini başa vurandan sonra da öz istəyilə hərbidə qaldı. Xeyirxahlığı ilə də seçilirdi. Maaşından imkansız ailəyə kömək edirmiş. Şəhid olandan sonra ailəsi bunu öyrənib. Döyüşlər vaxtı yaxınlarına ətraflı məlumat vermirdi. Yalnız onu deyirdi ki, əmr gözləyirik. Halbuki od-alovun içində döyüşürdü. Son savaşdan qabaq da zəng eləyib. "Hər şey yaxşıdır", deyib. “Allah bütün şəhidlərimizə rəhmət eləsin”, - şəhidin atası Məclum Baxşıyev söyləyir.
“Vahidin musiqiyə, incəsənətə marağı vardı. Şeirlər yazırdı, rayonda mədəni tədbirlərdə iştirak edirdi. Fəxri fərmanla təltif olunmuşdu. Şəhid olması xəbərini noyabrın 1-də eşitdim. İşdə idim. Əmim zəng edərək xəbər verdi. Ürək nahiyəsindən qəlpə yarası alıb. Döyüş yoldaşlarının dediyinə görə, yanında mərmi partlaması nəticəsində şəhid olub. Vətən sağ olsun!”, - şəhidin qardaşı Mahir Baxşıyev bildirib.
Ölümündən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda", “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Şəhidlər ölməz, Vətən bölünməz!
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, Vahid balamız!
Mina RƏŞİD