08.04.2026, 03:07
AZ EN
08.04.2026, 01:10 121

Vətən Müharibəsi Qəhrəmanı: Mühüd Orucovla tanışlıq əsl zabitliyin nə olduğunu öyrəndiyimiz bir məktəbin başlanğıcı idi

XƏBƏRLƏR
  • Mühüd Orucovu mən ilk dəfə Xüsusi Təyinatlı Qüvvələrdə (XTQ) xidmət etdiyimiz bölmədə tanıdım. Bu tanışlıq sadəcə eyni silahı daşıyan iki hərbçinin yolu deyildi, bu, əsl zabitliyin nə olduğunu öyrəndiyimiz bir məktəbin başlanğıcı idi.

Mühüd zəka ilə iradənin, nizam-intizamla insanlığın nadir vəhdətini özündə birləşdirən zabit idi. O, yalnız peşəkar hərbçi deyildi, öz şəxsi heyətini tanıyan, anlayan və arxasınca aparmağı bacaran komandir idi. Tələbkar idi, amma ədalətli. Sərt idi, amma hər zaman örnək.

Bunu müsahibəsində Vətən Müharibəsi Qəhrəmanı, XTQ-nin ehtiyatda olan mayoru Zaur Hüseynov deyib.

O, fikirlərinə belə davam edib: "Biz xidmətə yeni gələndə “əsl zabit necə olmalıdır?” sualının cavabını nizamnamələrdən yox, Mühüdün gündəlik davranışından, qərarlarından və münasibətindən öyrənirdik. O, bizim üçün sadəcə böyük rütbəli zabit deyildi, xidmət yolumuzda bir kompas idi.

Təlimlərin maraqlı, dinamik və keyfiyyətli keçməsi üçün daim yeni ideyalar irəli sürərdi. Dediyini özü edərdi. Boş vaxtlarında idman edər, şəxsi heyəti idmana həvəsləndirərdi. Çünki o yaxşı bilirdi ki, fiziki hazırlıq zəifdirsə, döyüşdə iradə də sınar.

Mühüd Orucov Xüsusi Təyinatlı Qüvvələrin döyüş tapşırıqlarını ilk yerinə yetirən zabitlərdən biri idi. Döyüşdə özünü yox, tapşırığı düşünən komandir idi. Elə buna görə də kapitan rütbəsində tabor komandiri olmuş nadir zabitlərdən biri oldu. Bu, onun peşəkarlığının, liderliyinin və şəxsi nüfuzunun açıq göstəricisi idi.

2016-cı ilin Aprel döyüşlərində düşmənin təxribatının qarşısını almaq üçün tabor komandiri kimi Mühüd Orucov da döyüş meydanına atıldı. O, ələ keçirilmiş düşmən postunda şəxsən özü döyüşürdü. Onun heyətində Azərbaycanın Milli Qəhrəmanı Pəncəli Teymurov da vardı.

Düşmən çoxsaylı tanklar və piyada qüvvələri ilə Mühüdün müdafiə etdiyi mövqelərə hücuma keçdi. Tanklar və artilleriya ilə mövqeləri atəş altında saxladılar, piyadalarla basqın etməyə çalışdılar. Lakin Mühüd Orucov öz şəxsi heyəti ilə dəfələrlə bu hücumların qarşısını aldı. Son anda yaralı şəxsi heyətini həmin mövqelərdən uzaqlaşdırdı. Özü isə düşmənlə təkbaşına döyüşərək, son nəfəsinə qədər müqavimət göstərdi və şəhidlik zirvəsinə ucaldı.

Mühüd Orucov rütbəsi ilə yadda qalanlardan olmadı. O, xarakteri ilə xatırlanır. Vəzifə dəyişə bilər, rütbə dəyişə bilər, amma qəhrəmanlıq hər zaman dəyişməz qalır. Mühüd bunu həyatı ilə sübut etdi.

Bu gün Mühüd Orucovun adı kəşfiyyat tariximizdə səssiz, amma möhkəm iz kimi qalır. O iz vicdanla, fədakarlıqla və sədaqətlə yazılıb". (AZERTAC)

Oxşar xəbərlər