07.04.2026, 20:11
AZ EN
07.04.2026, 17:55 7

Səfəryan: "Rusiya Ermənistanı özünə tabe etdirə bilməyəcək"

XƏBƏRLƏR
  • "Rusiyanın Ermənistanı "sol cib"inə, Azərbaycanı isə "sağ cib"inə qoymaq planı alınmadı, onların Qafqazla bağlı bu siyasəti məhv edildi".

"Vətən səsi" xəbər verir ki, bunu erməni politoloq Styopa Səfəryan Moskvada Ermənistan Baş naziri Nikol Paşinyanla görüşündə Rusiya Prezidenti Vladimir Putinin səsləndirdiyi bəyanatları şərh edərkən deyib. Onun sözlərinə görə, Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) vasitəsilə Ermənistanı öz forpostu kimi nəzarət altında saxlamağa çalışsa da, 44 günlük müharibədən sonrakı şərait bu imkanları da heçə endirib: "Ermənistan birmənalı olaraq KTMT-də fəaliyyətini dayandırım və çox da uzaq olmayan bir vaxtda bu təşkilatdan birdəfəlik çıxacaq. Artıq Rusiya da bəzi şərtləri qəbul etməyə məcburdur, Moskvada anlayırlar ki, bu məsələ yalnız mövcud hakimiyyətin yox, həm də bütöv cəmiyyətin baxışıdır. Məsələ burasındadır ki, təkcə Paşinyan hökuməti deyil, bütövlükdə Ermənistan cəmiyyəti Rusiya və KTMT ilə münasibətləri əvvəki səviyyədə görmək istəmir".

Erməni politoloq hesab edir ki, hər iki ölkənin dövlət və hökumət rəhbərlərinin Moskvada keçirdiyi görüşlərdən sonra münasibətlərin əvvəlki qaydada davam edəcəyinin mümkünsüzlüyü açıq şəkildə ortadadır. Üstəlik, regiondakı hərbi-siyasi vəziyyət də Rusiya üçün ciddi təhlükələr vəd edir. Ona görə də, Rusiya son dərəcə kəskin xarakter alan kritik vəziyyətdən Ermənistanla bağlı nəsə etməyə çalışır: "Cəzalandırmaqmı? Əsala yox! Ermənistanı cəzalandırmaq onu Rusiyanın istəmədiyi istiqamətə daha sürətlə getməyə məcbur etmək deməkdir. Cəzalandırmamaq isə Ermənistanın suveren siyasət çərçivəsində etdiklərini davam etdirməsinə imkan verməkdir. İndi Ermənistanı daha çox Avrasiya iqtisadi İttifaqından çıxarmaqla hədələyirlər. Amma Ermənistanın Avrasiya bazarına çıxışını bağlasalar, bu, Rusiyanın da özünə ciddi problemllər yarada bilər. Çünki Lars yolunu bağlamaq Rusiyanın Qafqaza yeganə yolunu bağlamaq deməkdir. Üstəlik, belə addımlar İrəvanı Moskvanın ölümcül dərəcədə qorxduğu qərarlar qəbul etməyə sövq edə bilər".

Erməni ekspert onu da bildirib ki, Rusiya və Ermənistan arasında siyasi münasibətlər bəzi hallarda diplomatik etik qaydalarını aşır. O, buna misal olaraq Putinin Paşinyanla görüşü zamanı Ermənistandakı rusiyameyilli qüvvələrin seçkilərdə iştirakına şərait yaradılması barədə söylədiklərini xatırladıb. Səfəryan hesab edir ki, kreml rəhbərinin söylədiyi həmin fikirlər əslində Ermənistandakı Rusiya yönümlü qüvvələrin ictimai nüfuzuna böyük zərbə vurur: "Başqa bir ölkənin prezidentinin digər ölkədə daxili işlərə müdaxilə edən qüvvələrə sahib olduğunu deməsi rüsvayçılıqdır. Bu, həmin siyasi qüvvələrin dəfn olunması deməkdir. Samvel Karapetyan və komandası "Güclü Ermənistan" bloku ilə seçkilərə qatılmaq istəyir. Keçmiş prezident Robert Köçəryan isə siyasi təşkilatı "Ermənistan" adı qoyub. Amma indi məlum olur ki, onlar sadəcə, "Ermənistan" adından istifadə edərək başqa ölkələrə xidmət edən qüvvələrdir. Putinin həmin çıxışından sonra onların Rusiya yönümlü namizədlər olmadığını söyləməmək, sadəcə, mümkün deyil". 

Xatırladaq ki, Vladimir Putin aprelin 1-də Moskvada Nikol Paşinyanla görüşərkən Ermənistanda həbsdə olan rusiyalı milyarder Samvel Karapetyanı seçkiyə buraxmağı xahiş edib. Putin deyib ki, Ermənistanda qarşıdan gələn seçkilərdə iştirak etmək istəyini bildirən və Rusiya pasportları olan şəxslərin olduğunu və onlardan bəzilərinin həbsdə olduğunu bilir. Paşinyan isə ona cavabında deyib ki, iyunun 7-də keçiriləcək seçkilərdə yalnız Ermənistan pasportuna malik vətəndaşlar iştirak edə bilərlər. Bu isə o deməkdir ki, Ermənistan Konstitusiyasına görə, Rusiya pasportuna malik şəxslər nə deputatlığa, nə də baş nazirliyə namizəd ola bilməz.

Elxan SALAHOV

Oxşar xəbərlər