Bu gün ömrünü Vətənə fəda edən şəhidlərimizdən biri - Rasim İsmayıl oğlu Ramazanovun doğum günüdür. O, 1998-ci il iyulun 26-da Babək rayonunun Babək qəsəbəsində anadan olub. İlk təhsilini 2004-2015-ci illərdə Babək qəsəbə 1 №-li tam orta məktəbdə alıb. Rasim 2016-cı ilin iyul ayında ordu sıralarına çağrılmış, 2017-ci ilin dekabrında hərbi xidməti başa vurmuşdur. 2018-ci ilin sentyabr ayından başlayaraq üç aylıq təlim keçmiş və kursu müvəffəqiyətlə başa vurub Xüsusi Təyinatlı Qüvvələrdə xidmətə başlamışdır.
Rasim 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinə könüllü olaraq yollanıb. Oktyabrın 11-dən başlayaraq Füzuli, Cəbrayıl, Hadrut rayonları və Xocavənd rayonunun Tuğ kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşub. Rasim qorxmaz və cəsur olduğu üçün bölük komandiri Anar Əliyevlə birgə döyüşlərə öndə gedirdi.
Vətənin igid oğlu Rasim Ramazanov 2020-ci il oktyabrın 19-da Xocavənd rayonunun Tuğ kəndi uğrunda gedən döyüşlərdə düşmən tərəfindən açılan snayper gülləsi ilə şəhadətə qovuşub.
Şəhidimizin cənazəsi Bakıda şanlı bayrağımıza bükülərək Naxçıvana gətirilib və Babək şəhərində böyük izdiham və ehtiramla torpağa tapşırılıb.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin Sərəncamlarına əsasən Rasim Ramazanov ölümündən sonra "Vətən uğrunda", “Hərbi xidmətlərə görə” və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Divardan asılan lövhədə bu sözlər yazılıb: “Mən ölməmişəm, şəhid olmuşam. Mən o vaxt ölərəm ki, sizlər məni unudasınız!” Üç rəngli bayraq və Rasimə aid olan hərbi geyim vitrindən asılıb. Otaq uşaqlıqdan şəhidliyə qədər çəkilən şəkillərlə bəzədilib. Saat, telefon, eynək, çarpayı və s. əşyalar sanki Rasimi gözləyir. Rasimin anası deyir ki, hərdən zəng vurub çox qısa danışırdı. –“Özünüzdən muğayat olun, mama, yaxşıyam sağ olun!., Bir dəfə oğlum səngərdən bizə məktub yazıb!”
Məktubda yazılıb: “Canım Anam, ailəm. Yol gedirəm, tapşırığa çıxıram. Nə olacaq bilmirəm, amma qəlbimə, ürəyimə damıb getdiyim yoldan qayıtmayacam. Amma əgər nəsə olsa, ağlamayın canım atam, anam! Onu bilin ki, siz qəhrəman valideynisiz. Başıdik durun. Mən cənnətdə olacam onda. Anam, bilirəm çətindi. Amma onu da düşünək ki, vətən sağ olsun. Sən böyütdün boya-başa çatdırdın. Amma vətən üçün, xalq üçün getməliydim. Onu bilin şəhidlər ölməz! Mən yanınızda olacam. Sağ olun. Sizi çox sevirəm inşallah cənnətdə görüşərik. Ramazanov Rasim”.
Rasimin atası İsmayıl kişi deyir ki, kiçik Zəhra erməni ordusu tərəfindən yatdığı yerdə qanına qəltan ediləndə Rasim əsəbiləşərək yumruğunu divara vurub deyirdi: -“Ali Baş Komandan əmr verən gün müharibəyə öndə gedəcəyəm!”. Zəhranın və nənəsinin ölümünə çox sarsılmışdı. Onların qisasını almağa çalışırdı.Vətəpərvər oğul idi. Milli Ordumuzu çox sevirdi”.
Zəfər tariximizə adını qanıyla yazan Rasim Ramazanov kimi oğulları Vətən heç vaxt unutmaz!
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, Şəhidim!
Mina RƏŞİD