Hələ yeniyetmə vaxtlarından müharibə, qan-qada görən igidlərimizdən biri də Mənsur Sulduz oğlu Babayevdir. O, 19 dekabr 1981-ci ildə Füzuli rayonunun Qasımbəyli kəndində anadan olmuşdur. 1987-ci ilin sentyabrında Qaraxanbəyli kənd tam orta məktəbinin birinci sinfinə qəbul edilmiş, həmin məktəbdə orta təhsilini bitirmişdir. Sonra həqiqi hərbi xidmətə çağırılmış, Quru Qoşunlarında xidmət etmişdir. Hərbi xidmətdən sonra Mənsur MAHHXHQ-da kiçik çavuş kimi hərbi xidmətə davam etmişdir. 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində o, Füzuli, Zəngilan, Xocavənd, Laçın istiqamətində qəhrəmanlıqla vuruşmuşdur. Bu ağır döyüşlərdə yaralanmışdır, III dərəcəli əlildir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Mənsur "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Zəngilanın azad olunmasına görə", "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunmuşdur.
İsa MUSAYEV