22.11.2024, 01:25
AZ EN
21.02.2023, 13:02 263

Ağdam sakini doğma kəndində unudulmaz anlar yaşadı...

XƏBƏRLƏR
  • Yurd itkisi yaman olurmuş. Elindən-obasından, doğma evindən didərgin düşən insanlar bunu daha gözəl bilirlər. Elə Ağdam rayonunun Ətyeməzli kənd sakini Həqiqət Bağırova kimi.

Həqiqət xanım düz 30 ildir ki, doğma, isti ocağından perik düşüb. 4 körpə balasıyla 33 yaşında ayrıldığı yurduna indi 63 yaşında nənə kimi qovuşub. O, Azərbaycan Televiziyasına da, elə onun əməkdaşları ilə birgə getdiyi doğma kəndlərində danışır. Deyir ki, inanmazdım bir də nə vaxtsa mənim ayağım bu torpaqlara dəyəcək. Evinə yaxınlaşır. Ev nədi, ondan əsər-əlamət bircə bünövrəsi qalıb. Ancaq Həqiqət xanım evini, darvazasını yadına salır. Deyir bax, buradan - darvazadan içəri keçirik. Demə, bir vaxt bu xarabalıqda onların 8 evdən ibarət ikimərtəbəli evləri  var imiş. Sonra da, gəlib təndirlərinin yanında dayanır. Deyir ki, əvvəllər təndiri belə yerdən hörürdülər. Eltim təndiri qalayanda biz də, uşaqlarla onun başına yığışardıq. Hava soyuq olanda da, təndir qalananda evdə oturmazdıq.  

İnsanın bir vaxt yaşadığı evinin, ocağının nişanələri - qab-qacağı, qazanı, çaydanı dağıntılar altında qaralmış, bozarmış halda qarşısına çıxanda o necə kövrəlməsin. Həqiqət xanım, indi xarabaya dönmüş evində bir vaxt bu isti ocağında başlarına gələnləri danışır. Deyir ki, onda uşaqların dördü də, balaca idi. Ermənilər mərmiləri necə atdılarsa qəlpələr evin üstünə səpələndi. Maşın həyətdə idi. Cəld maşına yığışıb Uzun dərəyə yollandıq. Evi də açarla bağlamışdıq ki, qayıdacağıq...

Həqiqət xanım xarabaya dönmüş evinin daş-kəsəyinə, torpağına sığal çəkə-çəkə ondan ayrılıb kəndin dayanacağına yaxınlaşdı. Dedi ki, bax, buradan avtobusla şəhərə, hara lazımdırsa gedirdik. Ərazidə həmin dayanacaqdan başqa tikili gözə dəymirdi...

Həqiqət xanım evinin xarabalığı ilə üz-üzə gəlsə də, bir gözü ağlayır, o biri gözü gülürdü. Bilirdi ki, keçmişin acı xatirələri onu tərk etməsə də, qarşıda gözəl sabahlar da, onları gözləyir. O, yenə də, adı-sanı dillərə dastan olan doğma Ağdamın işıqlı sabahına inanır və bu ümidlə də təskinlik tapırdı...

Mina RƏŞİD

Oxşar xəbərlər