Sona Əlimərdanovaya Qərbi Azərbaycan İcmasının üzvlük vəsiqəsi, döş nişanı, 100 illik yubileyi münasibətilə fəxri fərman, Qərbi Azərbaycan mahallarının adı yazılmış çaylar, kəlağayı və digər hədiyyələr təqdim edilib.
Qeyd edək ki, bu gün 100 yaşı qeyd edilən Sona Əli qızı Əlimərdanova 20 fevral 1925-ci ildə Dərələyəz mahalının Çivə kəndində dünyaya göz açıb.
Tütünçülük üzrə manqa başçısı kimi, 1950-ci ildə Qovuşuq, Ağkənd, Ələyəz, Qabaxlı, Gədikvəng, Gülüdüz kəndlərinin kolxozçuları seçkiqabağı yığıncaqlarında Sona Əli qızı Əlimərdanovanı 229 nömrəli Şadin seçki dairəsindən Ermənistan SSR Ali Sovetinə deputatlığa namizəd göstəriblər. Sona Əlimərdanova, 1951-ci il fevral ayının 29-da Ermənistan SSR Ali Sovetinə deputat seçilib.
1947-ci il dekabrın 23-də kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqındakı bədnam qərarı ilə, yüzlərlə azərbaycanlı kimi, Sona xanım da 1951-ci ilin sonlarında, ailəsi ilə birlikdə sovet Azərbaycanına deportasiya olunublar. Bərdə rayonunun Əmirli kəndində bir müddət yaşadıqdan sonra, ailəsinin iqlim şəraitinə uyğunlaşmaması səbəbindən yenidən Çivə kəndinə qayıdan ailə, Ermənistan tərəfindən xoş qarşılanmayıb. Bir müddət Çivə kəndində yaşayan Sona xanım, övladlarının təhsil və iş problemi səbəbindən 1976-cı ildə, təkrar sovet Azərbaycanına üz tutub. Ailə Əmirli kəndində bir qədər yaşadıqdan sonra,1979-cu ildə Gəncə şəhərində məskunlaşıb.
Sona xanım hal-hazırda Qərbi Azərbaycanlıların kompakt yaşadıqları, Bərdə rayonunun Əmirli kəndində yaşayır. 3 övladı, 8 nəvəsi, 16 nəticəsi var.
Tahirə AĞAMİRZƏ