16.04.2024, 09:28
AZ EN
27.05.2022, 16:00 314

Oxçuçay hövzəsində tədqiqat aparılıb

XƏBƏRLƏR
  • AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun “Landşaftşünaslıq və landşaft planlaşdırılması” şöbəsinin əməkdaşları – coğrafiya üzrə fəlsəfə doktorları, şöbə müdiri, dosent Mirnuh İsmayılov və Səidə Zeynalova Oxçuçay hövzəsində tədqiqatlar aparıblar.

İnstitutdan verilən xəbərə görə, 16-17 may tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkil etdiyi ekspedisiyanın məqsədi Oxçuçay hövzəsinin Azərbaycan ərazisinə aid hissəsinin iri miqyaslı landşaft xəritəsinin tərtibi, ərazinin landşaft-ekoloji vəziyyətinin qiymətləndirilməsi, çay axımına landşaftların təsirinin, hövzə ekosistemlərində işğal dövründə yaranmış antropogen pozulmaların öyrənilməsi və s. olub.

Alimlərin sözlərinə görə Oxçuçayın Azərbaycan ərazisindən keçən 43 km.-lik hissəsinin 10 km.-i bilavasitə Ermənistanla Azərbaycan arasında hazırkı dövlət sərhədinə uyğun gəlir. Onun 32,2%-i meşə-kolluqlar, 32,1%-i kserofit bozqırlar, 12%-i quru bozqırlar və 6,9%-i isə çay-dərə çəmən meşələrdən ibarətdir. Süsən, Piləsər, Ağcaqayın və Əsgülüm silsilələrinin çaya baxan yamacları dik olub, əsasən tektonik qırılmaya uyğundur. Vulkanogen süxurlardan təşkil olunmuş yamacların bəzən çılpaq qayalıqlarla, bəzən meşə və meşə kolluqlarla örtülməsinin səth axımının nizamlanmasında, yeraltı axımın yaranmasında və çayda sululuğun ilboyu qorunmasında çox əhəmiyyətli rolu var. Qısa məsafədə təbii landşaftların quru-bozqırlardan dağ meşələrinə doğru tədricən dəyişməsi və onlar arasında ekoloji koridor rolu oynayan Oxçuçayın təsiri ilə hövzədə unikal əhəmiyyətə və zənginliyə malik biomüxtəliflik yaranıb.

Mütəxəssislər apardıqları tədqiqatların nəticəsində müəyyən ediblər ki, işğal dönəmində çay hövzəsi ekosistemləri ciddi landşaft-ekoloji təsirlərə məruz qalıb. Meşələr vəhşicəsinə talan edilib, sənaye əhəmiyyətli araz palıdı, qoz ağacları, göyrüş və s. qırılıb, digər ağac və kol növləri isə yanacaq kimi istifadə edilib. Hazırda yaşıl görüntü yaradan bu meşəliklər, əslində vaxtilə ermənilər tərəfindən qırılmış ağacların kökü üstündə inkişaf edən topa şəkilli pöhrələrdən ibarətdir. Belə meşələrin yenidən bərpa edilməsi və qorunması Oxçuçay hövzəsinin unikal əhəmiyyətə malik təbii genefondunun gələcək nəsillərə çatdırılmasında əhəmiyyətlidir. (APA)

 

Oxşar xəbərlər