Ermənistanın Azərbaycan mövqelərini atəşə tutmasında məqsəd sülh danışıqlarına kölgə salmaq və Azərbaycanı cavab tədbirləri görməyə təhrik etməkdir. Siyasi şərhçilərin sözlərinə görə rəsmi Bakının bölgədə davamlı sülhə çalışdığı bir vaxtda İrəvanın törətdiyi təxribatlar göstərir ki, Ermənistan kommunikasiyaların açılması və bölgədə təhlükəsizliyin bərqərar olmasında maraqlı deyil.
İki ölkənin şərti sərhədində vəziyyətin gərginləşdirilməməsi və sabitliyin təmin edilməsi məqsədilə ordumuz cavab tədbirləri görməyib. Lakin Ermənistan tərəfi öz hərəkətlərini ört-basdır etmək üçün atəşin Azərbaycan tərəfdən açılmağı barədə iddialar səsləndirib. Daha da irəli gedərək bölmələrimizin kordinatlarını da qeyd edib.
Politoloq İlhas Hüseynov məsələyə münasibət bildirərkən qeyd edib ki, Ermənistan hərbi təxribatı törətdikdən sonra dezinformasiyalar yayır, sanki bu törədilən əməllərdə heç bir işinin olmadığı vurğulanır: “Belə görünür ki, artıq hərbi təxribatların törədilməsi gizlədilir və törədilən əməldən boyun qaçırırlar. Bu da əlbəttə ki, uzun illər ərzində alışdığımız erməni xislətinin bir göstəricisidir və Ermənistan öz mahiyyətinə də sadiq qalmaqda davam edir”.
Analitiklər vurğulayırlar ki, törədilən təxribatlarda məsuliyyət tək İrəvanın deyil, onun arxasında dayanan qüvvələrin də üzərinə düşür. Şübhəsiz ki, Ermənistanın onlar üçün əhəmiyyəti yalnız regionda maraqlarının təmin olunmasında vasitə olmasından ibarətdir.
Hazırladı: Tahirə AĞAMİRZƏ