Bütün bu yalanlara, ermənipərəst hədyanlara da elə illərdi Azərbaycanda yaşayan ermənilər özləri cavab verirlər.
“Ana yurdum Azərbaycandır”, - deyən və öz həyatından “Xəzər Xəbər”ə danışan Arutyunova Yevgeniya Haykazovna da belə söhbətləri eşidəndə əsəbiləşdiyini deyir. Müharibələrə nifrət etdiyini deyən erməni əsilli qadın 1932-ci ildə Gəncədə doğulub. Ağstafa rayonunda işləyib və elə orada da ailə qurub. Deyir, atam erməni olub. Məni burada Jenya kimi tanıyırlar və 40 ildən çoxdur ki, Ağstafada yaşayıram. Burada qəsəbədə 30 ildən çox rus dili müəllimi işləmişəm.
Artıq 91 yaşı olan qadın qohumlarını, doğmalarını unutsa da dərs dediyi şagirdlərini unutmayıb və onların adlarını da yadında saxlayıb. Övladı olmayan və həyat yoldaşını itirən qadın deyir ki, qonşuları onu heç vaxt tək qoymayıblar, həmişə yanında olublar. Ümumiyyətlə, Azərbaycanda indiyədək heç vaxt ona bir söz deyən olmayıb. Onu da deyir ki, Azərbaycanda həmişə ermənilərə hörmət edilib.
Maraqlıdır ki, Azərbaycanda yaşayan digər erməni əsilli qadınlar kimi Jenya da, biz həmişə bir-birimizə “can” deyib, “can” eşitmişik, deyir.
İndi bu yaşda Y.Arutyunovanın ən böyük arzusu doğulub boya-başa çatdığı Gəncə şəhərini görmək və oradan da Qarabağa gedib gəzməkdi.
Mina RƏŞİD