25.04.2025, 15:57
AZ EN
15.05.2024, 09:32 345

Bu gün şəhid Elxan Məmmədovun doğum günüdür

XƏBƏRLƏR
  • Bu gün Vətən Müharibəsinin qəhrəman şəhidlərindən olan Elxan Bədəl oğlu Məmmədovun doğum günüdür. O, 1998-ci il mayın 15-də Qobustan rayonunun Cəyirli kəndində anadan olub. 2005–2016-cı illərdə Qobustan rayonunun A.Quliyev adına Cəyirli kənd tam orta məktəbində təhsil alıb. Elxan Məmmədov 2016–2018-ci illərdə Azərbaycan Ordusunun sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

Azərbaycan Ordusunun əsgəri olan Elxan Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elxan Məmmədov oktyabrın 11-də Füzulinin azad edilməsi zamanı ağır yaralanıb və 18 gün xəstəxanada qaldıqdan sonra oktyabrın 29-da şəhid olub. Şəhidimiz böyük izdiham və ehtiramla Qobustan rayonu Cəyirli kəndində dəfn olunub.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Elxan Məmmədov ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Şəhidimizin anası Məcidova Zərəfşan xanım deyir ki, onun iki qız, iki oğul övladı var. Şəhidimiz onun sonuncu övladı olub: "Fikirləşirəm ki, Elxanın heç uşaqlığı olub ki? O qədər zəhmətkeş idi, 2 yaşından övladlarımı nənə himayəsində, yəni anamın yanında böyütmüşəm. Onlara həm ata, həm ana olmuşam. Elxan balaca yaşlarından zəhmətkeş, qayğıkeş, vətənpərvər övlad olub. Qoçaq, zəhmətilə çörək qazanan insan idi. Bir dəfə bu qapıda Elxanın üstünə bir maşın kubik daş töküldü, bir ayağı və başını qan götürdü. Heç nə olmadı. Getməmişdən on gün əvvəl olardı. Qonşu üçün ev tikirdilər. Orda 3-cü mərtəbədən yıxılıb, iki saat komada qalıb. Deyiblər anası bilməsin, bəlkə ayılar. Uşaq ayılıb, özünə gəlib, qayıdıb evə. Demir ki, başıma belə bir iş gəlib. Çöldə olanı heç vaxt evdə danışmazdı. Üç gün keçəndən sonra zarafatla deyirdi, ay ana, xəbərin var mənim bu gün üçüm idi. Dedim, anan qurban, nə danışırsan? Deyirəm, o zaman qurban olduğum Allah qoymadı bir şey ola, qisməti şəhidlik imiş. İki dəfə ölümdən qayıtmışdı. Belə fəxr ediləsi övlad idi. 
O qədər qürur duyuram ki, övladlarımla. Kiçik yaşlarından işləyiblər ki, heç kimə möhtac olmayaq. Bu evi də öz halal zəhmətlərilə qazanıb tikiblər. Heç vaxt evə haram pul gətirməzdilər. İki adam birgə əyləşəndə mənə işarə edirdi ki, dur gedək evimizə qeybət edəcəklər. Mən də qalxıb gəlirdim balamla. Kasıb idi, ancaq mərd idi. Xəstələnəndə həmişə başımın üstə olurdular, heç məni tək qoymurdu balalarım.
Orta məktəbə elə kəndimizdə gedib. Məktəbi bitirib hərbi xidmətə yollandı. Əvvəl Beyləqanda, sonra Ağcabədidə xidmət keçib. 2016-cı ildə xidmətini başa vurub gəldi. 2020-ci ilin 12 iyul Tovuz döyüşləri gedəndə gedib könüllü kimi hərbi komissarlıqda qeydiyyatdan keçdi. 20 sentyabrda Elxana zəng gəldi. 21-i bizimlə sağollaşıb getdi. Dedi, ana, gedib qayıdacam. Daha geri qayıtmadı..."
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, qəhrəman Şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər