08.04.2026, 02:52
AZ EN
07.04.2026, 20:38 102

Ilxom Abduraxmon: Azərbaycan və Tacikistanı ümumi mədəni dəyərlər birləşdirir

XƏBƏRLƏR
  • Azərbaycan və Tacikistanı qarşılıqlı hörmətə və ümumi mədəni dəyərlərə əsaslanan dostluq münasibətləri birləşdirir.

Bu barədə Tacikistanın Azərbaycandakı səfiri Ilxom Abduraxmon Bakıda Novruz bayramına həsr olunmuş "Əsrlər boyu ənənələrin irsi" adlı "Chakan Fashion Show"da bildirib.

Onun sözlərinə görə, beynəlxalq Novruz bayramı xalqların zəngin mənəvi və mədəni irsi olaraq tacikləri, azərbaycanlıları və digər qonşu ölkələrin xalqlarını birləşdirir.

"Qədim Novruz bayramı milli ənənələrin və ölkənin zəngin mədəni irsinin mühüm bir hissəsi kimi Azərbaycanda geniş şəkildə qeyd olunur. Buna görə də bugünkü tədbirin Azərbaycanda keçirilməsi, regionumuzun xalqlarını qədimdən birləşdirən ümumi tarixi və mədəni ənənələri əks etdirərək, bizim üçün xüsusilə rəmzi məna daşıyır", - o deyib.

Tədbir Tacikistanın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə baş tutub.

Tədbir çərçivəsində tacik dizaynerləri Xurşed Sattorov, Vays Asoyev və Sulxiya Qulomova Tacikistanın zəngin mədəni irsini və bədii ənənələrini əks etdirən "Çakan", "Nuri Badaxşon" və "Navoyi Xuroson" kolleksiyalarını təqdim etdilər.

Qonaqlara həmçinin ənənəvi tacik mədəniyyətinin və mətbəxinin elementləri - Novruz bayramının ayrılmaz hissəsi olan, yeddi növ yemək və şirniyyatdan ibarət "həft sin" və "həft şin" bayram süfrəsi təqdim olundu.

Mədəni proqram çərçivəsində Tacikistan və Azərbaycandan olan sənətçilər, o cümlədən Cahongir Zaripov, Xurşed İbrahimzoda, Azərbaycanın Xalq artisti Gülyanaq Məmmədova çıxış etdilər. Həmçinin Vüsalə Babayevanın rəhbərliyi ilə Bakı Xoreoqrafiya Akademiyasının və Xanım Kərimzadənin rəhbərliyi ilə Xəzər Universitetinin rəqs kollektivləri təqdim olunub.

Tədbirdə diplomatik nümayəndəliyin, beynəlxalq təşkilatların, dövlət qurumlarının nümayəndələri, deputatlar, mədəniyyət xadimləri, eləcə də Azərbaycanda təhsil alan tacik tələbələr iştirak etdilər. (Report)

Oxşar xəbərlər