19.10.2024, 19:27
AZ EN
09.01.2023, 17:06 256

Fazil Mustafa: Fransanın BMT-də ölkəmizlə bağlı qaldırdığı məsələ onun simasızlığını göstərdi

XƏBƏRLƏR
  • Məlum olduğu kimi, ötən il dekabrın 20-21-də Fransa və Ermənistan Laçın yolundakı vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının iclasını çağırdılar. Aparılan müzakirələrdən dərhal sonra Fransa, BMT Təhlükəsizlik Şurasının daimi üzvü və hazırda onun sədri kimi Laçın-Xankəndi yolundakı vəziyyəti “humanitar fəlakət” kimi təqdim edən riyakar və tam ermənipərəst mətn hazırlamışdı. Amma buna baxmayaraq, Fransa bu mətni qəbul etdirə bilmədi.

Bu fikirləri Milli Məclisin deputatı Fazil Mustafa söyləyib.

Fazil Mustafa qeyd edib ki, Fransa uzun illərdir Azərbaycana qarşı qərəzli davranışlar nümayiş etdirsə də, öz istəyinə nail olmur. Çünki bir sənəd nə qədər qərəzli olsa belə, onun da müəyyən dərəcədə əsaslandırılmasına ehtiyac var. Fransa isə ölkəmiz əleyhinə hazırladığı qərəzli sənədi əsaslandıra bilmədi.

“Fransa parlamenti elə düşünürdü ki, tərtib etdiyi qərarları başqa ölkələrə də sırımaq mümkündür. Belə ki, kimin hansı ərazidə olduğu beynəlxalq hüququn prinsipləri, ölkələrin ərazi bütövlüyü və faktiki vəziyyətlə bilinir.

Azərbaycan beynəlxalq hüquq prinsiplərinə zidd olmayaraq, özünün suveren ərazisində-Qarabağ iqtisadi rayonunda qanunlarını bərpa etməyə çalışır. Dövlətimiz hətta həmin ərazilərdə olan erməni əsilli Azərbaycan vətəndaşlarının müəyyən dərəcədə güzəştli şəkildə tədricən Azərbaycana inteqrasiya olunması üçün addımlar atır, yol çəkir. Azərbaycan onlara Laçın yolundan humanitar məqsədli istifadə üçün şərait yaratsa da, ermənilər bundan layiqincə istifadə edə bilmədilər. Belə ki, Laçın dəhlizi qanunsuz yüklərin daşınması, həmçinin terrorçular üçün bir məkana çevrildi. Bu işlərin əsas səbəbkarının isə Fransa olduğu aydın oldu. Çünki Fransa əvvəllər gizli şəkildə ölkəmizə qarşı mübarizə aparırdısa, indi açıq formada Ermənistana dəstək verir. Bu ölkə bilavasitə özünü Ermənistanın dostu, Azərbaycanın isə düşməni kimi göstərdi. Ona görə də Fransanın bu addımları əslində bizim xeyrimizə oldu ki, simasızlığını göstərdi”, - deyə F.Mustafa bildirib.

O qeyd edib ki, Fransanın qaldırdığı hər bir məsələ artıq dünyada Azərbaycana düşmən mövqeyin yanaşılması kimi anlaşılır. Digər dövlətlər də Fransanın ambisiyasına və istəyinə görə Azərbaycanla münasibəti pozmağın gələcək münasibətlərdə faydalı olmayacağını anlayırlar. Ona görə də bəzi dövlətlər Azərbaycana dəstək verirlər. Məhz Fransanın bu cür qərəzli yanaşmalarla uğur qazanması mümkün olmayacaq.

“Çalışmalıyıq ki, diplomatik səylərimizi daha da gücləndirərək bu cür təşəbbüsləri bloklayaq. Həmçinin öz istəklərimizin reallaşması istiqamətində də müəyyən məsafələri qət edək”, - deyə deputat vurğulayıb. (AZƏRTAC)

Oxşar xəbərlər