06.02.2026, 15:40
AZ EN
06.02.2026, 13:53 47

Ermənistan Bakı və Ankara ilə alternativ yollar axtarışında

XƏBƏRLƏR
  • Azərbaycanla Ermənistan arasında birbaşa dəmir yolu olmadığı müddətdə alternativ kommunikasiyalardan istifadə oluna bilər.

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı yerli hökumətdə iqtisadiyyat naziri postunu tutan Gevorq Papoyana istinadən məlumat yayıb. Bildirilir ki, nazir bu gün jurmalistlər qarşısında çıxış edərkən Azərbaycanla Ermənistan arasında nəqliyyat-kommunikasiya xətlərinin bərpası və müstəqillik dövründən bəri yenicə qurulmaqda olan ticarət əlaqələrinin perspektivləri barədə jurnalistlərin suallarını cavablandırıb. Papoyan əminliklə deyib ki, "Tramp Marşrutu" (TRIPP adlandırılan Zəngəzur dəhlizini nəzərdə tutur - red.) layihəsinin işə düşməsi nəticəsində yaxın bir neçə il ərzində Azərbaycanla Ermənistan arasında birbaşa dəmir yolu əlaqəsi yaradılacaq və bu, iqtisadi əlaqələrə böyük töhfə verəcək:

Erməni nazir əlavə edib ki, hazırda ölkələr arasında aktiv ticarət mövcud deyil, çünki səbəblər müxtəlifdir və obyektiv xarakter daşıyır: "Hələ ki, bazarlar bir-birinə tanış deyil, əvvəlcə qarşılıqlı olaraq ehtiyaclar öyrənilməlidir. Ticarət əlaqələrinin qurulması vaxt tələb edir, bu proses əsasən özəl sektor və biznes mühiti səviyyəsində həyata keçirilir. Əlbəttə, dövlət öz funksiyasını yerinə yetirir, siyasi razılaşmalar vasitəsilə, yolların açılması və dəmir yolu xətlərinin istifadəyə verilməsi üzrə zəruri şərtləri yaradır. Bu şərtlərin mühüm hissəsini artıq yaratmışıq. Bəli, hələ birbaşa dəmir yolu əlaqəsi yoxdur, amma bu istiqamətdə iş aparılır. Bizim hesablamalarımıza görə, bir neçə ildən sonra bu problemlər də qaradan qaldırılacaq və birbaşa komminikasiya təmin olunacaq. Ona görə də Ermənistan tərəfi TRIPP layihəsi üzərində işləyir, istəyimiz odur ki, bizim də iqtisadi maraqlarımıza cavab verən bu yol mümkün qədər tez açılsın. Bunun üçün lazımı qiymətləndirmələr aparılıb və deyə bilərik ki, "Tramp Marşrutu" Ermənistanın ticarət əlaqələrinin genişlənməsinə kömək edəcək".

Zəngəzur dəhlizi layihəsinin icrasının bir neçə il çəkəcəyini deyən Papoyan bir daha vurğulayıb ki,  o vaxta qədər alternativ kommunikasiya variantları istifadə oluna bilər. Onun sözlərinə görə, birbaşa avtomobil yolu əlaqəsi faktiki olaraq fəaliyyət göstərir, amma tərəfdaşlar hələlik məhsulların tranziti üçün Ermənistan ərazisindən istifadə etmirlər: "Bu, mürəkkəb prosesdir və vaxt tələb edir. Həmin istiqamətə Türkiyə də daxildir".

Papoyanın fikrincə, həm Türkiyə, həm də Azərbaycanla nəqliyyat kommunikasiyalarının açılmasına dair müzakirələrin gündəliyi pozitivdir: "Hələ iki il öncə hər kəs hər an müharibənin başlaya biləcəyindən danışırdı. Bu gün isə müzakirə olunur ki, hansı məhsul satıla bilər. Bu, artıq çox yaxşı göstəricidir".

Elxan SALAHOV

Oxşar xəbərlər