AMEA-dan bildirilib ki, İctimai Elmlər Bölməsinin elmi-tədqiqat müəssisələri tərəfindən Qərbi Azərbaycan mövzusu üzrə aparılan işlər “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində həyata keçirilir. Eyni zamanda, Prezidentin Qərbi Azərbaycan İcması ilə görüşündə verilən tapşırıq və tövsiyələr əsasında bu istiqamətdə görülən işlər barədə əhatəli hesabat hazırlanaraq müvafiq qurumlara təqdim edilib.
Tədqiqatlar çərçivəsində Qərbi Azərbaycan tarixinin müxtəlif mərhələlərini əhatə edən elmi nəşrlər hazırlanıb, tarixi faktlar və arxiv materialları sistemləşdirilib. Xüsusilə deportasiya prosesləri, toponimlərin dəyişdirilməsi və mədəni irsin məhv edilməsi ilə bağlı faktlar elmi sənədlər əsasında araşdırılıb və nəşrlərdə əksini tapıb.
Bu istiqamətdə aparılan işlərin mühüm hissəsini arxiv araşdırmaları təşkil edir. 1948–1953 və 1988–1991-ci illərdə Qərbi Azərbaycan ərazisindən azərbaycanlı əhalinin deportasiyası ilə bağlı ölkə arxivlərindən 800-dən artıq sənəd toplanılaraq elektron məlumat bazasına daxil edilib. Bu materiallar deportasiya siyasətinin miqyasının və sistemli xarakterinin elmi şəkildə sübut edilməsinə imkan yaradır.
Eyni zamanda, Qərbi Azərbaycan mövzusu üzrə onlarla elmi məqalə dərc olunub, beynəlxalq və respublika səviyyəli konfranslarda məruzələr təqdim edilib, elmi tədqiqat işləri aparılıb. Aparılan araşdırmalar media vasitəsilə ictimaiyyətə çatdırılıb, televiziya proqramlarında analitik müzakirələr təşkil olunub.
Qeyd edək ki, Qərbi Azərbaycanla bağlı aparılan bu tədqiqatlar tarixi ədalətin bərpası, milli yaddaşın qorunması və gələcək nəsillərə faktlara əsaslanan tarixin təqdim olunması baxımından mühüm əhəmiyyət kəsb edir. (AZƏRTAC)