Bu gün Vətən müharibəsinin qəhrəman şəhidi Elməddin Telman oğlu Abdullayevin doğum günüdür. O, 13 fevral 2001-ci ildə Quba rayonunun Qam-qam kəndində dünyaya göz açıb. 2018-ci ildə şəhid Mübariz Abdullayev adına Qam-qam kənd tam orta məktəbini bitirib. 2019-cu ilin aprel ayında hərbi xidmətə yollanıb.
Azərbaycan Ordusunun əsgəri olan Elməddin Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində sərrast atıcı kimi iştirak edib. 27 sentyabr 2020-ci ildə Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhadətə ucalıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Elməddin Abdullayev ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Laçının azad olunması uğrunda" və "Suqovuşanın azad olunması uğrunda" medallarla təltif edilib.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman Elməddin balamız!
Mina RƏŞİD