25.04.2025, 17:20
AZ EN
27.04.2024, 12:04 261

Xocalıda bizi gözəl günlər gözləyir...

XƏBƏRLƏR
  • Xocalı, Kosalar kəndi və onun 85 yaşlı sakini Bəyməmməd Quliyev. Ağsaqqal 32 ildən sonra doğma yurduna qayıdışının təəssüratını bölüşdükcə dayandığı yerdən yamyaşıl dağlar bizə gəl-gəl, deyir. Dörd bir yanda ağappaq çiçəklər və quşların şən səsi bizi öz doğma torpağımıza səsləyir...

Bəyməmməd müəllim düz 35 il Kosalar məktəbində Azərbaycan dili və Ədəbiyyatından dərs deyib. Deyir ki, Kosalar camaatı çox mərd, döyüşkən insanlardı, vaxtilə buradan ermənilər qorxudan gəlib cəsədlərini götürə bilmirdilər...

“Xocalının səsi” qəzetinin baş redaktoru Qalib Bəymmədoğlu doğma torpağında ondan soruşur ki, kəndə ilk qədəm qoyanda hansı hissləri keçirib. Bəyməmməd müəllim cavab verir ki, dünyadan köçənləri, qonşularımızi, bir sözlə, əvvəlki növrağımızı xatırladım...

Bəyməmməd Quliyev Xocalıda, doğma kəndində özünü xoşbəxt hiss etdiyini söyləyir. “Birinci növbədə Ali Baş Komandana, ordumuza uğular arzulayıram ki, onlar bizim arzumuzu yerinə yetirdilər, qələbə çaldılar. Biz onların sayəsində öz torpağımıza qayıtmışıq. Evimiz, tövləmiz, camaatın varidatı dağıdılıb, talan edilib. Divarlar qalıb, meşəyə çevrilib, evimizi tanıya bilmirik. Bu 30 ildə nə qədər əzab-əziyyət çəkmişiksə bizim bu torpağımız da həsrət çəkib. Amma yenə də min şükür ki, torpaqlarımız azad olunub və onu görmək bizə nəsib olub.

Arzu eləyirəm ki, kafirlərin ayaqları bir də bu torpaqlara dəyməsin. Biz yenə də Xocalıda yaşayacağıq, qurub-yaradacağıq. Deyir, su gələn arxa bir də gələr. İndi biz də, yenidən gəlmişik. Ev tikəcəyik, ailə quracağıq. Həyat gözəlləşəcək, bizi gözəl günlər gözləyir. Hamıya cansağlığı arzu edirəm, arzu edirəm ki, doğma kəndimizə qayıdaq, onu bərpa edək. Bilirəm ki, hamı öz yurduna dönmək arzusundadı. Xocalının təmiz suyu,  havası, gözəl təbiəti var. Bax, hər tərəf ağappaq çiçəkdi...”

Mina RƏŞİD

Oxşar xəbərlər