13.02.2026, 19:04
AZ EN
13.02.2026, 16:27 176

Qarabağ atları milli sərvətimizdir

XƏBƏRLƏR
  • Azərbaycanın milli sərvəti hesab olunan Qarabağ atları qədim Nesey cinsinin törəmələrindəndir. Tarixçi Herodot hələ eramızdan əvvəl IV əsrdə Midiyada Xəzərin cənub-qərbində, Nesey adlanan ərazidə güclü və yaraşıqlı atlar yetişdirildiyini yazırdı. Qarabağ atlarının cins kimi təkmilləşməsində və geniş yayılmasında müxtəlif dövrlərdə fəaliyyət göstərmiş təsərrüfat birliklərinin rolu danılmazdı.

Şuşa qəzasında yüzdən çox atçılıq zavodunun olduğu, Pənahəli xanın zümrəsinə aid sülalərə məxsus tövlələrdə damazlıq at cinslərinin yetişdirildiyi də məlumdur. Qarabağ xanlığında atçılıq təsərrüfatı mühüm sahələrdən biri idi. Əyalətdə 250 ayğırı və 1400 madyanı olan 11 atçılıq zavodu vardı. XIX əsrin 70-ci illərində Yelizavetpol quberniyasında da atçılıq zavodu fəaliyyət göstərib.

1832-ci ildə ingilislər Qarabağda yetişdirilən cins atlarını hind süvari qoşunu üçün alıblar. 1933-cü ildə Laçında, 1934-cü ildə Şəkidə və Qusarda Dövlət At Tövlələri yaradılıb. Şəki rayonundakı "Daşsüz" at zavodunda “Bala Maymun” və “Nadir”, Şuşada “Şamılçıq” at cinsləri mövcud idi. Sonrakı dövrdə isə ən yaxşı at cinsləri Şuşa, Ağdam və ətraf rayonlarda yetişdirilib. Həmin cinslərdən olan atlar Şimali Qafqaza və  Rusiyanın cənubunda yerləşən atçılıq zavodlarına da aparılıb. Hazırda "Ərəb", "Don", "Budyonnı" kimi məşhur at cinsləri arasında Qarabağ atları xüsusi yer tutur.

Cənubi Qafqazda Qarabağ atları yaraşığı, dözümlülüyü və qaçışı ilə şöhrət qazanıb. Adi yerişlə 8 kilometrdən çox məsafə qət edən bu atlar yüksək qaçış sürəti, çevik və səlis hərəkəti, hündür və möhkəm bədən quruluşu ilə seçilib. Qarabağ atını başqalarından fərqləndirən əsas cəhətlərdən biri də sarı-qızılı, yaxud parlaq narıncı rəngdə olmasıdır. İlxıda çox az hallarda kəhər, boz və çal rəngli atlara rast gəlinib.  Yalnız Qarabağ atlarına məxsus olan bu orijinal çalardan kürən, qızılı kəhər, qızılı qonur rəngli atlar da yaranıb. XIX əsrin ikinci yarısında Qarabağ atlarının “Axaltəkə” cinsi ilə qarışığından "Təkə-Ceyran" yetişdirilib. Ayaqlarında müxtəlif dərəcədə ağlıq, alnının təpəl olması Qarabağ atının xarakterik nişanlarıdır. XX əsrin 50-ci illərindən etibarən  Ağdamda atçılıq zavodunun bərpası ilə əlaqədar Qarabağın at cinsləri yenidən artırılıb. 1993-cü ildə Ağdamın işğalından sonra Atçılıq Zavodu Ağcabədi rayonunun Xamtorpaq ərazisində fəaliyyət göstərir. Prezident İlham Əliyevin 2015 və 2017-ci illərdə imzaladığı müvafiq sərəncamlarla Qarabağ at cinsinin inkişafına dəstək məqsədilə həmin ərazidə 35,5 hektar torpaq sahəsi ayrılıb, müasir avadanlıqlarla təchiz edilmiş atçılıq kompleksi inşa edilib.

Röya SALMANQIZI

Oxşar xəbərlər