20.11.2025, 01:26
AZ EN
21.10.2025, 18:46 147

Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin şagirdləri ilə görüş keçirilib

XƏBƏRLƏR
  • Qərbi Azərbaycan İcmasının Nizami rayon nümayəndəliyi tərəfindən Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin şagirdləri ilə görüş keçirilib. 

Tədbir “Qərbi Azərbaycan irsi” kitabının təqdimatına və “Qərbi Azərbaycan — əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda maarifləndirici müzakirəyə həsr olunub.
Toplantı Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qərbi Azərbaycan İcmasının Nizami rayon nümayəndəsi Xəqani Səfərov İcmanın İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərlinin salamlarını tədbir iştirakçılarına çatdırıb. 
Bildirib ki, Qərbi Azərbaycan həqiqətlərinin təbliği istiqamətində görülən işlərin sırasında mühüm bir layihə  reallaşıb. 
Belə ki, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərli və tədqiqatçı alim Səbuhi Hüseynovun müəllifliyi ilə ərsəyə gətirilən müasir elmi yanaşmalara uyğun yeni fundamental araşdırma – “Qərbi Azərbaycan İrsi” tədqiqatlar seriyası nəşr edilməyə başlanılıb. O, “Qərbi Azərbaycan irsi” kitabında Qərbi Azərbaycanın tarixi, coğrafiyası, mədəni irsi və toponimləri barədə geniş məlumatların yer aldığını qeyd edib, bu istiqamətdə maarifləndirmə işlərinin əhəmiyyətini vurğulayıb. Natiq bildirib ki, kitabda Qərbi Azərbaycanda dağıdılmış tarixi-mədəni abidələr və məzarlıqlarla bağlı dəqiq faktlar və sənədləşdirilmiş məlumatlar toplanıb və nəşr xalqımızın yaddaşına vurulan zərbələri əks etdirməklə yanaşı, həmin irsin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından da mühüm əhəmiyyət daşıyır.
Daha sonra İcmanın koordinatoru Əhməd Rzayev, 4 saylı Peşə Məktəbinin direktoru Səbinə Hacıyeva, direktor müavini Asif Bayramov, Texniki Kollecin direktoru Akif Cahangirov, mediator və hüquqşünas Aqil Əsgərov, Nizami rayon Bələdiyyəsi sədrinin müavini Yeganə Abbasova, müəllimlər Minarə Əhmədbəyli və Ofeliya Nəsirova, Vedi rayonunun Şidli kənd icma sədri Zeynal Həsənov, dosent Fəxrəddin Əliyev və “Vedibasar” qəzetinin müxbiri Eldar Qafarov çıxış ediblər.
Natiqlər çıxışlarında Qərbi Azərbaycan torpaqlarında əsrlər boyu xalqımızın üzləşdiyi ədalətsizliklərdən, soydaşlarımızın tarixi yurdlarından məcburi köçürülməsindən bəhs ediblər. Onlar “Qərbi Azərbaycana Qayıdış” ideyasının milli kimliyin bərpası və tarixi yaddaşın dirçəldilməsi baxımından əvəzsiz rol oynadığını qeyd ediblər.
Tədbirin sonunda iştirakçılarla xatirə fotosu çəkilib.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər