28.03.2024, 19:19
AZ EN
20.02.2023, 18:10 291

Rusiyalı ekspert: Qarabağda separatçı layihənin taleyi həll edilib

XƏBƏRLƏR
  • Münxen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında söhbətlərin yekunları göstərir ki, İrəvan Zəngəzur dəhlizində Ermənistanı gömrük məntəqəsinin yaradılması müqabilində Qarabağda separatçı layihəni bağlamağa hazırdır.

Rusiyalı politoloq, “Vestnik Kavkaza” agentliyinin baş direktorunun müavini Andrey Petrov bu barədə yazıb. Onun fikrincə, Qarabağ separatizmi daha Paşinyana xeyir gətirmir.

A.Petrov yazır: “Ermənistanın baş naziri Nikol Paşinyan Münxendə gözdən pərdə asmaq üçün Laçın yolunda vəziyyət barədə feyklər uydursa da, əslində, Qarabağ mövzusunun Ermənistan üçün tədricən bağlanması kursunu seçib. Gözlənildiyinə görə, yaxın vaxtlarda Azərbaycanın Laçın rayonuna Ermənistan tərəfdən girişdə Azərbaycan gömrük məntəqəsi yaranacaq, Bakı isə Qarabağ İqtisadi Rayonunda yaşayan ermənilərin pasportlaşdırılmasına başlayacaq”.

Politoloq yazır ki, Münxen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü və onların Cənubi Qafqaza dair panel müzakirələrində iştirakı ilk növbədə, Azərbaycan liderinin Ermənistan-Azərbaycan sərhədində Laçın və Zəngəzur dəhlizlərində nəzarət-buraxılış məntəqələri yaradılması barədə təşəbbüsü ilə yadda qalıb. İlham Əliyev hələ 2021-ci ilin dekabr ayında bu ideyanı səsləndirərək, bir məqama diqqətə cəlb etmişdi ki, hər iki dəhlizdə eyni iş rejimi müəyyən edilməlidir.

Ekspert diqqət yetirib ki, İrəvan bu təşəbbüsü təkzib etmir, rəsmi İrəvanın son 3 gündəki bəyanatlarında Laçın dəhlizinə girişdə Azərbaycan sərhəd nəzarəti yaradılmasından imtina edilmir, halbuki əvvəllər bu variant Ermənistanın hakim dairələri üçün məqbul sayılmırdı.

Müəllif yazır: “Nə dəyişib? Aşkar görünür ki, Zəngəzur dəhlizində Ermənistan gömrük məntəqəsinin mənfəəti üstün gəlib. Bu məntəqə “Şərq-Qərb” qlobal logistika istiqaməti üzrə yükdaşımalara az da olsa nəzarət etməyə imkan yaradır. Zəngəzur dəhlizində gömrükxana Ermənistan büdcəsi üçün birbaşa gəlir deməkdir”.

A.Petrov vurğulayır ki, Laçın dəhlizi Ermənistana daha lazım deyil, çünki bundan sonra İrəvan həmin dəhliz vasitəsilə Xankəndiyə silah, minalar və silahlılar apara bilməyəcək, həmçinin Azərbaycana məxsus yataqlardan oğurlanmış filizi nəzarətsiz daşıya bilməyəcək: “Qarabağdakı separatçı layihə istər həqiqi qisas cəhdi üçün, istərsə də Azərbaycan və Rusiya ilə siyasi revanş alveri üçün daha yaramır. Bu layihəni faydalı şəkildə - Zəngəzur dəhlizində gömrük rüsumları ilə mübadilə etməyin vaxtıdır”.

A.Petrovun fikrincə, Paşinyan Qarabağdakı separatçılara ünvanladığı məktubunda Laçın dəhlizində vəziyyətin nizamlanmasını beynəlxalq birliyin üzərinə qoyur. Beləliklə, Ermənistan lideri bir daha etiraf edir ki, Ermənistan rusiyalı sülhməramlılara və Azərbaycan ekoloqlarına təsir göstərmək iqtidarında deyil.

Rusiyalı politoloq əmindir ki, baş nazir Paşinyan Münxen konfransında Laçın dəhlizi barədə feyklər səsləndirərkən Azərbaycana təzyiq göstəriləcəyinə ümid edirdi: “Lakin indi Qərbdə heç kəs Azərbaycana təzyiq göstərilməsində maraqlı deyil, çünki Avropa İttifaqı Azərbaycanın enerji ehtiyatlarına kəskin ehtiyac duyur. Amerikalılar kimi avropalılar da Moskva ilə geosiyasi qarşıdurmada İrəvandan istifadə etməyə həmişə şad olur, lakin Bakı ilə münasibətləri korlamaq istəmirlər”.

Ekspert öz mülahizələrini yekunlaşdıraraq bu qənaətə gəlir ki, Qarabağda separatçı layihənin taleyi həll olunub – bu layihə bağlanacaq: “Ermənistan Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsi qoyulmasına razılaşacaq və Qarabağa nəinki silahların, həmçinin hər hansı qeyri-leqalların axınına da son qoyulacaq. Separatçıların başçıları Ruben Vardanyanın deportasiya edilməsinə artıq razılıq veriblər. Bundan sonra Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə və Azərbaycan dövlətinə reinteqrasiyası başlanacaq. Prezident İlham Əliyevin şənbə günü dediyi kimi, Qarabağ məsələsi beynəlxalq gündəlikdən çıxacaq, ermənilər Azərbaycan Respublikasının bərabərhüquqlu vətəndaşları olacaqlar. Cənubi Qafqaz tarixinin daha bir ağır səhifəsi bağlanacaq. Əlbəttə, Nikol Paşinyan çalışacaq ki, bu proses Ermənistan üçün maksimum səmərə ilə və şəxsən ondan ötrü minimal siyasi risklərlə baş versin, lakin İrəvanın Qarabağa iddialardan imtina xətti seçməsi bu gün artıq şübhə doğurmur”. (AZƏRTAC)

Oxşar xəbərlər