22.11.2024, 21:00
AZ EN
25.06.2024, 20:35 212

Qərbi Azərbaycan İcmasında Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş tədbir keçirilib

XƏBƏRLƏR
  • Qərbi Azərbaycan İcması iyunun 25-də Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş beynəlxalq tədbir keçirib.

Azərbaycan Respublikasının dövlət orqanlarının nümayəndələri, ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, ictimai və elm xadimlərinin iştirak etdiyi tədbirdə Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququ və qaçqınlıq problemləri ətrafında fikir mübadiləsi aparılıb.

Çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli Ermənistandan azərbaycanlıların qovulması, onların mədəni irsinə vurulmuş zərərlər, İcmanın son bir ildə həyata keçirdiyi tədbirlər haqqında məlumat verib.

Qaçqınlıq və məcburi köçkünlük probleminin davamlı həllinin qayıdış hüququnun təmin edilməsindən keçdiyini qeyd edən sədr bildirib ki, Azərbaycan hökumətinin məcburi köçkünlərin geri qayıdışı istiqamətində həyata keçirdiyi irimiqyaslı fəaliyyəti təqdir olunmalıdır. Ə.Ələkbərli vurğulayıb ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə beynəlxalq hüququn aliliyini və yüzminlərlə insanın qayıdış hüququ kimi təməl insan hüququnu təmin edib.

İcmanın sədri Ermənistandan qovulmuş azərbaycanlıların sosial problemlərinin həllinə və onların dinc yolla qayıdış hüququna verdiyi dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin təşəkkürünü bildirib.

Daha sonra Ermənistanın Karvansara rayonundan qaçqın düşmüş Səfayə Həsənova qaçqınlıq xatirələrini bölüşüb: “1947-ci ildə Salah kəndində anadan olmuşam. Atam, babam tarixi torpaqlarımızda - Qaraqoyunlu dərəsində yaşayıb. Orada bir nəfər belə erməni yaşamayıb. Mən kəndimizdə mühasib, 1975-ci ildə partiya təşkilat katibi işləmişəm. 1980-ci illərdən sonra isə Salah kəndində kolxoz sədri kimi fəaliyyət göstərmişəm".

Səfayə Həsənova əvvəllər ermənilərlə münasibətlərinin normal olduğunu vurğulayıb. Qeyd edib ki, ermənilər sonradan orada yaşayan azərbaycanlıları sıxışdırmağa, münasibətləri isə kəskinləşdirməyə başladılar. O, öz yurdlarından qovulması və ermənilərin ikiüzlü münasibətləri və yaşadıqları ağrı-acılar barədə də danışıb.

Tədbirdə “Qərbi Azərbaycan” televiziya kanalının İcma haqqında hazırladığı sənədli film nümayiş etdirilib.

Qeyd edək ki, Ümumdünya Qaçqınlar Günü BMT Baş Assambleyasının 2000-ci ildə qəbul etdiyi 55/76 saylı qətnamə ilə təsis olunub. Məqsədi qaçqınların problemlərinə beynəlxalq diqqəti artırmaqdır. Qərbi Azərbaycan İcması hər il bu gün münasibətilə tədbir təşkil edir. (AZERTAC)

Oxşar xəbərlər