Öz doğma torpağına qayıdan keçmiş məcburi köçkünlər üçün tikilən evlərin şəhid ailələri və qazilərə verilməsi Azərbaycan ictimaiyyəti tərəfindən önəmli addım kimi alqışlanır.
Milli Məclisin deputatı Mahir Abbaszadə "Vetensesi.az" a məsələ ilə bağlı açıqlamasında bildirib ki, artıq Azərbaycan dövlətinin siyasi iradəsi nəticəsində işğaldan azad olunan ərazilərə köç başlayıb. Torpaqlarımızı işğaldan azad etdikdən sonra ərazilərimizdə bərpa-quruculuq işləri sürətlə həyata keçirilir: "Böyük Qayıdışın əlamətləri olaraq, Zəngilan rayonunun Ağalı kəndinə və eyni zamanda Laçın rayonunun şəhər mərkəzinə, Zabux və Susa köç prosesinə başlamışıq. Hal-hazırda Ağalıya əhalinin bir hissəsinin köçürülməsi həyata keçirilib. Talış kəndinə 20 ailənin köçürülməsini təmin etmişik və eyni zamanda Laçının şəhər mərkəzinə artıq 100-dən artıq ailənin köçürülməsi təmin edilib. Bundan sonrakı mərhələdə də ilin sonuna qədər təxminən 620 ailənin köçürülməsi nəzərdə tutulur ki, bu da bütövlükdə Laçın şəhər mərkəzinə təxminən 720 ailənin köçürülməsi deməkdir. Eyni zamanda Laçın rayonunun Zabux kəndinə təxminən avqustun sonu, sentyabr ayının əvvəllərində 223 ailənin köçürülməsi nəzərdə tutulur. Oktyabr, noyabr aylarında isə Sus kəndinə əhalinin köçürülməsi nəzərdə tutulub".
Mahir Abbaszadə daha sonra qeyd edib ki, Azərbaycan dövlətinin iqtisadi və siyasi gücü sayəsində birbaşa möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bu işlər sürətlə davam etməkdədir və ilin sonuna qədər Laçın rayonuna təxminən 1000 ailənin köçürülməsi başa çatacaq: "Köçürülən ailələr içərisində müxtəlif yerlərdə məskunlaşmış məcburi köçkünlər var. O köçkünlərin bəziləri yataqxanalarda ağır şəraitdə olan, yarımçıq tikililərdən, baxçalardan və texniki peşə məktəbinin yataqxası və öz binasında olan insanları əhatə edir. Bəziləri zəbt olunmuş, yəni, yerli əhalinin evlərində yaşayan insanların köçürülməsi nəzərdə tutulur, həyata keçirilir. Eyni zamanda bu məcburi köçkünlər içərisində dövlət tərəfindən evlə təmin olunmuş insanların da öz ata-baba yurdlarına köçü təmin edilir. Belə olduğu təqdirdə, dövlət tərəfindən verilmiş evlər, sizin də qeyd etdiyiniz kimi, artıq boşaldılır və bu evlərin işğaldan azad olunmasında xidmətləri olan, xüsusilə şəhid ailələrinə və 1-ci, 2-ci qrup əlillərə verilməsi çox doğru-düzgün bir addımdır. Çünki əgər məcburi köçkünlərin bir qisminin o torpaqlara geri qaytarılması, şəhidlərimizin qanı hesabına təmin edilibsə, deməli, evlərin də məhz bu ailələrdən olan şəhidlərimizin yadigarı, xatirələri olan ailələrə verilməsi çox normal haldır.
Son vaxtlar biz Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin həyata keçirdiyi təbliğat-təşviqat işlərində də, hazırlanmış roliklərdən də görürük ki, məhz məcburi köçkünlər köçərkən evlərinin şəhid ailələrinə verilməsini özləri də yüksək səviyyədə alqışlayırlar. Çünki bu torpağın qayıtmasını, geri dönməsini birbaşa möhtərəm cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan ordusunun, ordunun üzvləri olan şəhid ailələri, şəhidlərimiz və qazilərimizin canı, qanı hesabına biz torpaqlarımızı işğaldan azad edə bilmişik.
Bir sözlə, ədalətli bir mövqedir və bundan sonrakı bu mövqe davam etdirilməlidir. Məcburi köçkün köçürülərkən dövlət tərəfindən verilmiş evlərin köçürüldükdən sonra məhz şəhid ailələrinə verilməsi mühüm haldır və mənə elə gəlir ki, bundan sonrakı proseslərdə də bu əsas xətt kimi götürülməlidir.
Tahirə AĞAMİRZƏ