"Vətən səsi" xəbər verir ki, separatçıların sabiq lideri Qarabağı könüllü tərk etmiş erməni sakinlərin geri qayıtması üçün çalışdıqlarını gizlətməyib. O, hətta Azərbaycana qarşı ərazi iddialarından əl çəkmədiklərini də söyləyib: "Qarabağın hansı statusla və necə qaytarılması məsələsi həmişə gündəmdədir. Bu problemi həll etmək üçün Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyanın rəhbərlik etdiyi komitə yaradılıb. Biz mütəmadi olaraq görüşür və mümkün qaytarılma məsələlərini müzakirə edirik. Hazır olmalıyıq. Qayıdışımız beynəlxalq zəmanətlər, layiqli və ədalətli şərtlər daxilində mümkün olacaq”.
Şahramanyan ermənilərin Azərbaycanın suverenliyi və hakimiyyəti altında yaşamaq istəmədiklərini və buna görə Qarabağı könüllü tərk etdiklərini söyləyib. O, separatçı rejimin ləğvinə dair özünün imzaladığı "fərman"ının heç bir hüqiqi qüvvəsinin olmadığını da əlavə edib.
Separatçı quldur dəstəsinin başçısı Ermənistan Baş naziri Nikol Paşinyanla görüşmədiyini də bildirib. O, hətta Paşinyanla görüşə cəhd etmədiyini vurğulayıb: “Həmin görüşün baş tutması təbii bir hadisə olmalıdır. Amma indiyə qədər görüşməmişik. Ermənistan hökumətinin hansı məsələləri müzakirə etdiyini bilmirəm. Biz Ermənistan hökumətinə heç bir təklif təqdim etməmişik”.
Yeri gəlmişkən, Qarabağdan Ermənistana qaçan separatçıların yaratdığı qondarma “artsax üzrə beynəlxalq komitə”nin koordinatoru Vardan Oskanyan Azərbaycana qarşı təxribatçı planlarını həyata keçirmək üçün tərəfdarları ilə birlikdə Avropadan özlərinə dəstək axtarır. Belə ki, Ermənistanın sabiq xarici işlər işlər naziri bu yaxınlarda başının dəstəsi ilə Almaniyada və İsveçrədə görüşlər keçirib. Separatçı dəstənin "təmsilçiləri" Avropada müxtəlif siyasi xadimlər, beynəlxalq təşkilatların nümayəndələri, o cümlədən, Avropa İttifaqının Cənubi Qafqaz üzrə keçmiş nümayəndəsi Toivo Klaarla görüşmüşdülər. Onlar həm də Bakıda həbsdə olan keçmiş separatçı liderlərin azadlığa buraxılması üçün xaricdəki erməni lobbisinin imkanlarından bəhrələnməyə çalışır.
Elxan SALAHOV