21.11.2024, 21:13
AZ EN
15.02.2023, 22:00 360

İqor Korotçenko: Ermənistanın beynəlxalq miqyasda qeydə alınan sərhədləri yoxdur

XƏBƏRLƏR
  • Ermənistana Avropa İttifaqının müşahidə missiyasının gəlməsinin ardından başqa hadisələr də baş verəcək. Bundan sonra Aİ-nin iştirakı tam hərbi missiyaya çevrilə və hərbi kontingentin yerləşməsi ilə nəticələnə bilər.

Bu fikirləri “Rusiya və Fransanın Cənubi Qafqazda və Afrikada mübarizəsi” mövzusunda keçirilən dəyirmi masada Rusiyanın “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko söyləyib. O qeyd edib ki, beləliklə, regionda konfiqurasiya dəyişəcək. Baş redaktor əlavə edib: “Rusiya diplomatiyası həmişə vurğulayıb ki, həm Cənubi Qafqaz, həm də Xəzər regionunda xarici aktorlar olmamalıdır. Bütün məsələlər müstəsna olaraq region ölkələri tərəfindən həll edilməlidir”.

Politoloqun fikrincə, Fransadakı erməni diasporunun bütün mühüm qərarlara fəal təsiri var. O deyib: “Fransa senatının kobud anti-Azərbaycan qətnaməsini xatırlayırıq. Yəqin ki, bu, tarixdə diasporun həmin ölkənin milli məclisini korrupsiyaya uğratdığı ilk hadisədir”.

İ.Korotçenko xatırladıb ki, fransızlar müstəmləkə müharibələri zamanı kütləvi vəhşilikləri ilə seçiliblər. “Xatırladım ki, Əlcəzairə səfər edən Azərbaycan Prezidenti İlham Əliyev bu ölkədə fransız müstəmləkəçilərinin vəhşiliklərini əks etdirən ekspozisiya ilə tanış olub”.

“Fransaya arxalanan Ermənistanın məqsədi Azərbaycana siyasət və diplomatiya sahələrində suveren qərarlar qəbul etməyə imkan verməmək, lazım gəldikdə isə güc metoduna əl atmaqdır. Yerevanın təqsiri ucbatından Azərbaycan-Ermənistan sərhədi demarkasiya və delimitasiya olunmayıb, bu da, sərhədin olmaması anlamına gəlir. Yəni Ermənistan beynəlxalq miqyasda tanınan və qeydə alınan sərhədləri olmayan ölkədir. Bu boz zonada müxtəlif hadisələr baş verə bilər. Bu və ya digər tərəfin hərbi bölmələri yüksəklikləri tuta bilər və bu, sərhədin pozulması anlamı daşımır. Çünki sərhədlər müəyyən edilməyib”, - deyə İ.Korotçenko vurğulayıb.

Politoloq əmindir ki, Aİ-nin Ermənistandakı müşahidə missiyasının tərkibində kəşfiyyatçılar olacaq. Onlar Rusiya və Azərbaycanın əleyhinə istifadə ediləcək informasiyaların toplanması ilə məşğul olacaqlar.

İ.Korotçenko hesab edir ki, hazırda Bakı və Moskvanın mövqelərində aktiv yaxınlaşma müşahidə olunur: “Biz təhlükənin ciddiliyini anlayırıq, Fransanın və digər aktorların Cənubi Qafqazda destruktiv fəaliyyətinə qarşı fəal mübarizə aparacağıq və birgə səylərlə Ermənistanı Nikol Paşinyanın imzaladığı öhdəlikləri yerinə yetirməyə məcbur edəcəyik”. (AZƏRTAC)

Oxşar xəbərlər