19.10.2024, 08:36
AZ EN
10.08.2023, 14:53 224

Ekspert: Fransanın mövcud potensialının təməlində Afrikanın istismarından əldə edilən resurslar dayanır

XƏBƏRLƏR

Müstəmləkəçilik iddialarından əl çəkmək istəməyən Fransa artıq Afrika qitəsindəki mövqelərini tamamilə itirmək təhlükəsi qarşısındadır. Bu ölkə tarix, dil, mədəniyyət baxımından heç bir bağlılığı olmayan bölgələrə, o cümlədən Cənubi Qafqazdakı proseslərə müdaxilə etsə də, uğursuzluğa düçar olub. Vaxtilə Fransanın sabiq Prezidenti Fransua Mitteran ölkəsinin Afrika qitəsində qarşılaşdığı problemlərdən narahatlığını ifadə edərək, “XXI əsrdə Afrikasız Fransanın tarixi olmayacağını” deyirdi. Sabiq Prezident dediklərində təbii ki, haqlı idi. Fransa yüz illər boyu Afrikanın təbii sərvətlərini vəhşicəsinə talan etməklə, Afrika xalqlarını aclığa, səfalətə düçar etməklə, dünyanın 7-ci iqtisadiyyatına malik ölkə səviyyəsinə gəlib çatıb. Bu ölkənin mövcud potensialının təməlində Afrika ölkələrinin istismarı nəticəsində əldə olunan resurslar dayandığı üçün, Afrikasız Fransanın yeni tarixinin olmayacağı da obyektiv gerçəklikdir.

Bu fikirləri siyasi ekspert Elçin Mirzəbəyli söyləyib.

Onun sözlərinə görə, Fransanın digər sabiq Prezidenti Jak Şirak bir zamanlar fransız xalqının Afrikanın amansızcasına istismarı və Afrika xalqlarının faciələri üzərində “kef çəkdiyinə” işarə edək deyirdi: “Tanrıya şükür, vəziyyət elədir ki, cüzdanımızdakı pulların çox hissəsi əsrlərdir istismar etdiyimiz Afrikadan gəlir”. Amma məlum olduğu kimi, Fransanın qanlı caynaqları, artıq Afrikadan üzülməkdədir və daha fransızların cüzdanları bu qitənin hesabına dolmayacaq. Fransız senatorların narahatlığına və Prezident Emmanuel Makrona müraciət ünvanlamalarına səbəb olan amil də Fransanın Afrikasız, nəinki dünyada, hətta Qərbi Avropada belə heç bir təsir imkanlarına malik olmayan, sıradan bir ölkəyə çevrilməsi amili ilə bağlıdır.

“Təkcə atom enerjisi ilə bağlı Fransanın qarşılaşdığı acınacaqlı durum, bu ölkəni yaxın gələcəkdə hansı perspektivlərin gözlədiyini göz önünə gətirməyə imkan yaradır. Qeyd edim ki, Fransa Atom Elektrik Stansiyalarının (AES) sayına görə, dünyada ilk sırada dayanır. Ölkədə 19 AES fəaliyyət göstərir və Fransanın elektrik enerjisinə olan ehtiyacının 70 faizini bu stansiyalar təmin edir. Şübhəsiz ki, belə bir enerji strukturunu saxlamaq üçün AES-lərin fasiləsiz uranla təmin edilməsi lazımdır. Fransanın uran ehtiyatları 2003-cü ilin əvvəlində tamamilə tükənib. Hazırda Fransanın enerji balansının təxminən dörddə üç hissəsi Afrika uranından asılıdır.

Xatırladım ki, Fransa öz istehlakından əlavə nüvə yanacağı da ixrac edir. Fransa şirkətləri digər Avropa ölkələrinə nüvə yanacağının tədarükü üçün də bir neçə müqavilə imzalayıb. Fransanın uranla və digər təbii resurslarla zəngin ölkələrdən, o cümlədən Mali, Cənubi Afrika Respublikası və Burkina-Fasodan qovulması və hazırda dünya uran ehtiyatlarının 5 faizinə sahib olan Nigeri tamamilə tərk etmək təhlükəsi qarşısında qalması senatorları öz ölkələrinin taleyi barədə də düşünməyə vadar edib. Çünki baş verənlər, Afrikadakı mövqelərinin tamamilə itirilməsi Fransa üçün ciddi iqtisadi nəticələrə səbəb olacaq və rəqəmsal iqtisadiyyatın, informasiya texnologiyalarının və yaradıcı sənayenin inkişafını əsaslı şəkildə məhdudlaşdıracaq. Bununla yanaşı, Fransa həm də Avropa ölkələri qarşısında götürdüyü öhdəlikləri də yerinə yetirə bilməyəcək və Avropa İttifaqında öz real potensialına, imkanlarına uyğun bir yerlə kifayətlənməli olacaq”, - deyə siyasi ekspert vurğulayıb.

E.Mirzəbəylinin sözlərinə görə, fransız senatorların məktubunda, əslində baş verənlərin mahiyyətini ifadə edən maraqlı bir məqam var. Fransa kimi istismarçı, qaniçən, tarixi soyqırımı və digər müharibə cinayətləri ilə zəngin olan Ermənistan üçün gecə-gündüz “göz yaşları” axıdan, vaxtilə işğala, vandalizmə “şam tutan” fransız senatorların qənaətinə görə, artıq Afrikada Fransanı anlamırlar. Əslində, vəziyyət tamamilə əksinədir. Afrikada Fransanı çox yaxşı anlayırlar və başa düşürlər ki, bu neokolonist ölkənin məqsədi qitənin bütün təbii resurslarını sovurmaqdan, insanları aclığa, səfalətə məruz qoymaqdan ibarətdir. Anlamayan isə Fransadır. Burada anlamırlar ki, Afrika da daxil olmaqla, digər ölkələr azad və heç kimdən asılı olmadan yaşamaq istəyirlər.

XXI əsrdə heç bir ölkə, heç bir xalq müstəmləkə şəraitində yaşamaq, öz təbii ehtiyatlarından məhrum edilmək istəmir. Hər kəs layiq olduğu firavan və təhlükəsiz həyatı yaşamağı arzulayır. Yaxşı həyat isə təkcə başqalarından qəsb etdiyi sərvətlər hesabına ömür sürən fransızlar üçün deyil, daha çox bu sərvətlərin gerçək sahibləri üçündür. Fransua Mitteranın dediyi kimi, XXI əsrdə Fransanın Afrikasız tarixi olmaya bilər, ancaq Afrikanın Fransasız tarixi artıq başlayıb. (AZƏRTAC)

Oxşar xəbərlər