Bu fikirlər Qərbi Azərbaycan İcmasının bəyanatında yer alıb.
Bəyanatda, həmçinin deyilir: “Necə olur ki, Toyvo Klaar Ermənistanın suverenliyinə və ərazi bütövlüyünə qarşı çıxmayan Qərbi Azərbaycan İcması ilə təmaslardan qaçır, amma Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü açıq-aşkar təhdid edən, Xocalı qatili, irqçi Robert Koçaryanın xarici işlər naziri olmuş, reallıqdan tamamən uzaq düşmüş, populist Vardan Oskanyan ilə görüşür?
Toyvo Klaar kimilərinin biz Qərbi azərbaycanlıların qayıdış hüququnu danması, bu hüququn yalnız ermənilərə aid olmasını iddia etməsi gecə-gündüz “demokratiya”dan, “insan hüquqları”ndan danışanların əslində məsələlərə dini və etnik təəssübkeşlik prizmasından yanaşmasını sübut edir.
Militarist gündəliyə malik uydurma “qurumlar”ın, Vardan Oskanyan ağılda olanların başçılıq etdiyi hansısa “komissiya”nın Ermənistan ərazisində rahat fəaliyyət göstərməsi, sürətlə silahlanan bu ölkənin Azərbaycanla sülhdə maraqlı olmadığını və revanşizm mövqeyindən çıxış etdiyini göstərir.
Ermənistan sözdə sülhdən danışıb, reallıqda isə Okampo və Oskanyan kimi ünsürlərlə işləyib vəziyyəti gərginləşdirən xəttindən əl çəkməlidir”. (AZƏRTAC)