23.11.2024, 00:32
AZ EN
01.05.2023, 12:29 242

Yakup Aslan: Mina terroru Azərbaycanı sülh yolundan döndərə bilməyəcək

XƏBƏRLƏR
  • Azərbaycanın Tərtər rayonunda Ermənistan hərbçilərinin basdırdığı minanın partlaması nəticəsində 3 nəfərin həyatını itirməsi mülki əhali üçün təhlükəli vəziyyətin qaldığını deməyə əsas verir. Ermənistan tərəfi həqiqətən sülh və sabitlik istəyirsə, basdırdığı minaların yerini dəqiqliklə göstərməlidir. Bunun üçün beynəlxalq təşkilatlar rəsmi İrəvana təsir göstərməlidirlər.

Bu sözləri Türkiyədə fəaliyyət göstərən “Ulusal” telekanalının siyasi şərhçisi Yakup Aslan deyib.

O bildirib ki, mülki şəxslərin mina partlaması nəticəsində həlak olması sülh prosesinə maneə törədən amildir. Vətən müharibəsindən sonra 298 Azərbaycan vətəndaşı mina partlamasının qurbanı olub ki, onlardan 54 nəfəri həyatını itirib. Bu fakt Ermənistanın törətdiyi mina terrorunun nəticəsidir. Məsələnin mahiyyəti ondan ibarətdir hərbi əməliyyatlar dayandırılıb və sülh yolları axtarılır. Buna baxmayaraq, mina terroru davam edir.

Siyasi şərhçi hesab edir ki, rəsmi Bakı beynəlxalq təşkilatlar qarşısında ciddi məsələ qaldırmalı və Ermənistanın basdırılmış minaların yerini göstərməsini tələb etməlidir.

Ermənistanın bu cür terror aktları törətməsi beynəlxalq hüquqa zidd olmaqla yanaşı, insanlığa və bəşəriyyətə qarşı cinayət də hesab edilməlidir. Heç bir təqsiri olmayan, heç bir hərbi əməliyyatda iştirak etməyən sadə insanların Ermənistanın mina terroru nəticəsində həyatlarını itirmələri rəsmi İrəvanın mənəvi dəyərinin yox səviyyəsində olduğunu ortaya qoyur.

Qarabağda cərəyan edən hadisələri diqqətlə izlədiyini bildirən Yakup Aslan qeyd edib ki, Azərbaycanın Laçın yolunda gömrük-keçid məntəqəsi yaratdıqdan sonra Tərtər rayonunda 3 nəfərin mina partlaması nəticəsində həlak olması təsadüfi olmaya bilər. Bunun həm daxildən, həm də xaricdən təzyiqlərə məruz qalan Ermənistan hakimiyyətinin təxribatı olduğunu da istisna etmək olmaz. Ermənistan hakimiyyəti regionda qeyri-sabit vəziyyətin davam etməsində maraqlı olduğunu büruzə verir. Bütün bu məsələlər araşdırılmalı və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmalıdır. Görünən odur ki, Ermənistan Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi ilə barışmaq istəmir. Lakin siyasi reallıq onu deməyə əsas verir ki, güclü Azərbaycan regionda aparıcı siyasi aktora çevrilib. Ermənistan istəsə də, istəməsə də rəsmi Bakının şərtlərini qəbul edib sülhə gəlməlidir. Mina terroru Azərbaycanı sülh yolundan döndərə bilməyəcək. (AZƏRTAC)

Oxşar xəbərlər