"Vətən səsi" xəbər verir ki, erməni politoloq Avetik Çalabyan Ermənistan Baş naziri Nikol Paşinyanın dünən "Facebook" səhifəsində yayımladığı məqaləsində qeyd olunan məsələləri şərh edərkən belə deyib. Onun sözlərinə görə, Paşinyanın məqaləsi ABŞ və Qərbdə ona olan etimadın azaldığını, Ermənistanın isə müstəqil dövlət kimi ciddi təhdidlərlə üz-üzə qaldığını göstərir: "Paşinyan bu haqda danışmaqla Azərbaycanın üzünə yeni eskalasiyalara, yeni hücumlara qapı açır. O, həmişə olduğu kimi erməni xalqını məğlubiyyətə hazırlayır. Əvvəlcə xalqa xəbərdarlıq edir, az qala ultimatum dilində danışır, sonra isə guya, ölkəni böyük itkilərdən xilas etmək üçün hansısa güzəştlərə getməyin mümkünsüzlüyünə təqdim edir. Paşinyan hakimiyyətə gəldiyi gündən öz siyasətini bu məntiq üzərində qurub və özünün qurduğu plan üzrə hərəkət edir".
Çalabyan Ermənistanın 30 il ərzində işğal altında saxladığı Azərbaycan ərazilərinin də həmin məntiqlə geri qaytarıldığına diqqət çəkib: "Biz bunu Qarabağda gördük. Müharibə başlayandan 44 gün sonra Paşinyan dedi ki, kapitulyasiyaya imza atmasaydı, 25 min erməni əsgərin həyatını xilas edə bilməyəcəkdi. İndi isə Vaşinqton səfərindən sonra gəlib deyir ki, Ermənistanın 60 faizi riskdədir. Belə getsə onun növbəti bəyanatı “Ermənistanın 40 faizini saxlamaq üçün 60 faizini təhvil verək” şəklində olacaq. Yəqin ki, Paşinyanın bu mövzuda yeni məqaləsinin də oxuyacağıq".
Erməni politoloq Baş nazirin ABŞ-dan əliboş qayıddığını da xüsusi vurğulayıb. O, qeyd edib ki, Paşinyanın Vaşinqtona sonuncu səfəri zamanı keçirdiyi görüşlər və qryri-rəsmi təmaslar vasitəsilə əldə edilən məlumatlar Tramp administrasiyanın Ermənistanı dəstəkləməyəcəyini üzə çıxarıb: “Paşinyan və komandası doğrudan da çıxılmaz vəziyyətdədir. Ermənistanın taleyi bizim düşündüyümüzdən də pis ola bilər. Çünki ABŞ-da Ermənistana qarşı isti münasibət artıq keçmişdə qalıb, əvvəlki administrasiyanın yürütdüyü siyasət öz əhəmiyyətini itirib. Paşinyan da ümidini diasporun köməyinə və xaricdə onu dəstəkləyən qüvvələrə bağlamışdı. Amma həmin qüvvələr də ABŞ-ın əvvəlki administrasiyası kimi ortada yoxdur və onlar meydanı tərk ediblər".
Elxan SALAHOV