17.12.2024, 22:52
AZ EN
24.11.2022, 11:28 467

Xaricdə dini təhsil almaq özünü doğrultmur

XƏBƏRLƏR
  • “Biz öz vətəndaşlarımızı kənar təsirlərdən, zərərlərdən qorumalıyıq, onların savad və biliyinin artırılması üçün davamlı addımlar atmalıyıq. Bu Azərbaycanın tam hüququdur. Əksər hallarda xaricdə oxuyan tələbələr zərərli təsirlərə məruz qalırlar. Ona görə də cənab İlham Əliyev Azərbaycanda İlahiyyat İnstitutunu yaratdı. Bu yanaşma təkcə bizdə deyil. Məsələn, heç bir Azərbaycan vətəndaşı burada təhsil alıb gedib İranda dini təbliğat apara bilməz, bu qadağandır. Ona görə də bu Azərbaycanda təbiidir.” Bu fikirləri Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin üzvü, millət vəkili Ceyhun Məmmədov bildirib.

O, təcrübəsinə əsasən bildirib ki, xaricə dini təhsil almaq üçün gedib-gələn tələbələr əksər hallarda zərərli təsirlərə məruz qalırlar.

O, daha sonra vurğulayıb ki, həqiqətən də xaricdə dini təhsil almaq özünü doğrultmur. Xüsusilə də bu xətt İranda özünü açıq şəkildə göstərir. Bu gün orada oxuyan tələbələrin böyük əksəriyyətində bu təsirlər var. İrana təhsil almağa göndərilən gənclərimizin böyük əksəriyyətinin arxasında  zərərli dini təbliğat durur. Yəni, gənclərin belə təbliğata məruz qalması məqsədilə bu cür addımlar atılır. Çünki bu İranın siyasətidir. İranın məqsədi özünə sərf edən insanlar yetişdirməkdir. Ola bilər ki, İrana gedən minlərlə tələbənin içində bir neçə tələbə özünü qoruya bilər, lakin böyük əksəriyyətinə qarşı orada belə təbliğat aparılır. Azərbaycanın əleyhinə bu işlər çox sürətli şəkildə aparılır. Bu reallıqdır.

Komitə üzvü daha sonra vurğulayıb: “Həmin gəncləri təkcə təbliğatla ələ almırlar. Burada maliyyə məsələsinin də rolu var. Onlar mütləq əksəriyyəti maliyyələşdirir. Onlara vəsait ayrılır, bu da gənclərin təsəvvürünə, düşüncəsinə bilavasitə təsir göstərir.Orada təhsil alıb, Azərbaycana gələn vətəndaşlarımızı sonradan burada maliyyələşdirirlər. Onlara şəhriyyə-aylıq məvacib verilir. Həmin gənclərlə davamlı iş aparılır, kontakt olunur, istiqamət verilir. Bu, bir mənalı olaraq belədir”.

Millət vəkilinin sözlərinə görə, İranın əsas məqsədi Azərbaycanda dini dövlət qurmaqdır: “Son günlər Dövlət Təhlükəsizlik xidməti İran xüsusi xidmət orqanlarının yaratdığı cəsus şəbəkəsini ifşa etdi. İranın siyasətində əsas istiqamətlərdən biri odur ki, öz təsirinə saldığı insanları dövlətimizin əleyhinə yönləndirsin. Ümumiyyətlə, İran Azərbaycan adında dövlətin olmasını da birmənalı olaraq istəmir və qəbul edə bilmir”.

Buna görə də təkcə dövlət deyil, ailələrimiz də öz övladlarını yad təsirlərdən qorumağı bacarmalıdır.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər