Bu fikirləri açıqlamasında Azərbaycanın Parisdəki səfirliyinin Mədəniyyət Mərkəzində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü tədbirində Fransanın ölkəmizdəki sabiq (ikinci) səfiri olmuş Jan-Pyer Günyüt söyləyib.
Ulu Öndərlə bağlı xatirələrini bölüşən, onun böyük şəxsiyyət olduğunu bildirən sabiq səfir deyib: “Çox yaxşı xatırlayıram, bir gün yeni sensasiya axtaran bir qrup jurnalist ona doğru qaçaraq “Cənab Prezident, siz kommunist idiniz” deyə təxribat xarakterli sual verdilər. Böyük şəxsiyyət Heydər Əliyev onlara tərəf çevrilərək “Mən? Əlbəttə, mən kommunist idim və səmimi kommunist olmuşam. Əlbəttə, mən ona inanırdım. Əlbəttə, uzun müddət inanırdım ki, islahatlar aparmaq olar, hər şeyi yenidən qurmaq olar. Amma bu, mümkün olmadı. Başa düşdüm ki, inanmaqda səhv etmişəm. Ancaq bu, heç nəyi dəyişmir. Mən həmişə Azərbaycandayam, həmişə ölkəmə sadiqəm. Hər şey tarixdədir, heç nəyi danmaq olmaz”. Bu fikirlərin içində böyük fəlsəfə var idi. Bu böyük şəxsiyyət keçmişini də, gələcəyini də etiraf edirdi. Bu, böyüklüyün göstəricisidir”.
Diplomat qeyd edib ki, Azərbaycanla Ermənistanın yalnız özlərinin sülh müqaviləsi imzalamağa nail ola biləcəyini hər kəs aydın görürdü. Bu gün “böyük güclər” adlandırılan ölkələrin müdaxiləsi olmadan bu iki ölkə sülh bağlaya bilər. Ancaq təəssüf ki, Qarabağ məsələsinin həlli üçün uzun müddət - 30 il gözlənilməli oldu. Hadisələr irəliləsin deyə vaxt lazım gəldi. Düşünürəm ki, bu gün bir daha xatirəsinə ehtiram göstərdiyim Heydər Əliyev məkanında ruhu artıq şaddır. Çünki 30 il əvvəl mümkünlüyü çox az ehtimal edilən məqsədə nail olunub. O vaxt çoxları düşünürdü ki, bu, mümkün olmayacaq, amma nəhayət mümkün oldu.
“Qeyd etməliyəm ki, son bir neçə ayda mətbuatda (Fransa mətbuatında – red.) çox yanlış və ciddi saxta məlumatlar dolaşır. Bütün bu məlumatlar tamamilə saxtadır. Aydın şəkildə görünür ki, bu saxta məlumatları yayanlar, deyənlər tarixi bilmirlər, baş verənlərdən xəbərsizdirlər. Onların heç biri hadisələrin nə xronikasını, nə də diaxronikasını bilmir. Onlar bu mövzudan tamamilə xəbərsizdirlər. Mövzunu bilməyəndə səmimiyyətdən, həqiqətdən söhbət gedə bilməz. Yalnız axmaqlıqlar söylənilir.
Eşidəndə ki, deyirlər “Azərbaycan Ermənistanı işğal edəcək”, bu, ciddi deyil. Bunu söyləyənlər ciddi ola bilməzlər. Çünki belə bir ideya nə Heydər Əliyevin, nə də bu gün onun davamçısının – Prezident İlham Əliyevin fikrində olub. Düşünürəm ki, Prezident İlham Əliyev atasının ideyalarına sadiqdir. Çünki bu gün sülhə doğru atılan iri addımları görəndə bunu əminliklə deyə bilirəm. Bu gün iki ölkə arasında sərhəddə olan mübahisəli məsələlər həllini tapıb və dövlətlər arasında sülh müqaviləsi imzalananmasından söhbət getdiyi vaxtda müharibə barədə sözləri dayandırmaq lazımdır”, - deyə J.-P. Günyüt bildirib.
O qeyd edib ki, bu gün azərbaycanlılar onları başa düşmədiklərinə görə çox inciyiblər. Azərbaycanlılar özlərini həmişə avropalı hesab ediblər. “Xatırlayıram ki, təzə gələndə Bakıda gözəl bir gəmi gördüm və sürücüdən soruşdum ki, bu gəmi haraya gedir. O cavab verdi ki, bu gəmi Asiya və Avropanı birləşdirir. Bu, doğru idi. Azərbaycan Rusiya, Çin və Avropanı birləşdirən vazkeçilməz məkandır. Bu gün bunu daha aydın görmək olur”, - deyən sabiq səfir Azərbaycanın geosiyasi baxımdan strateji məkan olduğunu vurğulayıb. Diqqətə çatdırıb ki, bu gün Azərbaycan Prezidenti böyük güclərə münasibətdə qarşılıqlı hörmət çərçivəsində balanslaşdırılmış mövqe sərgiləyir. Həmişə həsəd aparılan, hamının əlaqə yaratmağa can atdığı, arzulanan kiçik ölkə olsa da, Azərbaycan Rusiya, Türkiyə, İran və Çin arasında balanslaşdırılmış mövqeyə sahibdir. Bunu yalnız alqışlamaq olar. Bu, Azərbaycan Prezidentinin, diplomatiyasının gücü və müdrikliyidir. Ancaq Azərbaycanın bu bacarığını hamı lazımınca görə bilmir. Tarixdən dərs almaq, təkcə danışıqlar aparmaq yox, eyni zamanda, nə etməyi bilmək lazımdır. Bu gün beynəlxalq əlaqələrdə bu balansı saxlamaq çox çətindir, amma Azərbaycan onu qoruya bilir.
“Heydər Əliyevin xatirəsinə həsr edilmiş konsert gözəl idi və heç də bütün ölkələr bunu edə bilməz. Belə dərin klassik musiqi ənənələri olan ölkələrin sayı azdır. Kabildə səfir olan zaman darıxdığım anlarda həftəsonu Bakıya operaya gedirdim. Ona görə “Leyli və Məcnun” operasını 10 dəfədən çox görümüşəm, Eləcə də Azərbaycanda muğam gözəl ifa olunur.
Heydər Əliyevlə iki oxşar cəhətimiz var: O da muğamı sevirdi, mən də. Bir də ki, hər ikimizin gözləri mavidir”, - deyə G J.-P. Günyüt bildirib.
Sabiq səfir, həmçinin onun və ölkəmizin çox yaxın dostu, Azərbaycanın daimi müdafiəçisi olmuş Tomas Qoltsun vəfatına təəssüfünü ifadə edib. Onun Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra çox maraqlı kitab yazdığını xatırladıb. (AZƏRTAC)