21.11.2024, 19:14
AZ EN
02.11.2023, 13:57 330

Ulu Öndər Heydər Əliyevin qaçqınlar və məcburi köçkünlərlə görüşü: Bakı şəhəri, 28 mart, 1996-cı il.

XƏBƏRLƏR
  • “Vətən səsi” Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi, Azərbaycanda “Heydər Əliyev İli” münasibətilə xalqımızın böyük liderinin qaçqınlıq və məcburi köçkünlük probleminin həllində, xalqımızın vətənpərvərlik ruhunun yüksəldilməsində, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizəyə səfərbər olunmasında tarixi xidmətləri barədə silsilə yazılar hazırlayır. Bu silsiləyə Ulu Öndərin məcburi köçkünlərlə görüşləri barədə tarixi arayışlar da daxildir...

1996-cı il martın 28-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Azərbaycana səfərə gəlmiş Rumıniya Prezidenti İon İliyesku ilə birlikdə Bakıdakı 10 saylı Texniki Peşə Məktəbinin yataqxanasında müvəqqəti məskunlaşmış Füzuli, Ağdam, Zəngilan və Xocalı rayonlarından olan məcburi köçkünlərlə görüşüblər. Prezidentlər onların qarşısında nitq söyləyiblər.

Prezidenti Heydər Əliyev deyib ki, Azərbaycanda rəsmi səfərdə olan İon İliyesku aparılan danışıqlardan, imzalanmış müqavilələrdən, şəhərlə tanışlıqdan sonra ölkəmizin bu ağır vəziyyəti ilə daha yaxından tanış olmaq üçün Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş torpaqlarımızdan didərgin düşmüş Azərbaycan vətəndaşları ilə də görüşmək istəyib.   

Heydər Əliyev çıxışında onu da bildirib ki, Rumıniya Prezidentinə ölkəmiz və onun qaçqın-köçkün problemi ilə bağlı yetərincə məlumat verilib. “Ancaq o bura sizinlə görüşə gələndən və öz gözləri ilə həqiqəti gördükdən sonra əmin olduğumu bildirirəm ki, Rumıniya hökuməti bizim dünyadakı haqq səsimizə səs verəcəkdir. Ermənistanla Azərbaycan arasındakı münaqişənin sülh yolu ilə həlli üçün bizim xarici ölkə rəhbərlərinin dəstəyinə ehtiyacımız var. Biz Rumıniya dövlət başçısı ilə bir sıra müqavilələr imzaladıq. Bizim ölkələrimiz arasındakı əlaqələr dostluq əlaqələridir. Ümidvaram ki, bu görüşdən və bağlanan müqavilələrdən sonra hər iki ölkə arasındakı əməkdaşlıq daha da sürətlənəcək və hər iki dövlətin keçid dövründən tezliklə çıxmasına imkan verəcəkdir,” – deyə Azərbaycan Prezidenti bildirib. O, həmçinin qeyd edib ki,  biz bu vəziyyətdən tezliklə çıxacağıq. Şübhəsiz ki, işğal olunmuş ərazilərimizin bərpa olunmasına nail olacağıq. Müstəqil Azərbaycan özünün bütün ərazilərinin sahibi olacaq. İşğal edilmiş torpaqlarımız azad olunacaq. Prezident Heydər Əliyev məcburi köçkünlərə xitabən deyib: “Siz öz yerinizə - yurdunuza qayıdacaqsınız. Sizin hamınıza cansağlığı, dözümlülük arzu edirəm. Sizin hamınıza xoşbəxt gələcək arzu edirəm!”

Prezident İon İliyesko isə çıxışında qeyd edib ki, Azərbaycan və Rumıniya hər şeydən əvvəl qədim svilizasiyaya malik ölkələrdir. Hər iki ölkəmizin tarixi eyni zamanda dramatik faciələrlə zəngin olubdur.

“Ölkələrimiz arasında əməkdaşlığın uzun tarixi var. Rumıniya və Azərbaycan “Böyül ipək yolu” adlanan eyni yolun üzərində yerləşiblər. Bu, Avropanı Asiya ilə birləşdirən yol olubdur. Keçən əsrin ortalarında dünyada ilk dəfə neft istehsalı da məhz Azərbaycanda və Rumıniyada başlanıbdır. Həm Azərbaycan, həm Rumıniya bu gün cəmiyyətin, iqtisadiyyatın keçid dövrünü yaşayır.

Biz bu münaqişənin sülh yolu ilə aradan qaldırılması istiqamətində sizin siyasi rəhbərliyin apardığı müdrik siyasəti yüksək qiymətləndiririk. Çünki müharibə məsələlərin həll olunması yolu deyil, müharibə yolu sülh gətirmir, daha çox faciələr, daha çox çətinliklər törədir. Şübhəsiz ki, münaqişələrin sülh yolu ilə həll olunması da asanlıqla başa gəlmir. Biz sizin siyasi rəbərliyinizin, Prezident Heydər Əliyevin bu münaqişəni sülh yolu ilə həll etmək istiqamətlərindəki səylərini yüksək qiymətləndiririk.

Biz sizin dövlətinizlə həmrəy olduğumuzu bir daha bəyan edirik. Sizə sülh əldə etməyi arzulayırıq, ölkənizə çiçəklənmə arzulayırıq,” – Rumıniya Prezidenti çıxışını yekunlaşdırıb.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər