“Vətən səsi” xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Separatçıların vəkili Roman Yeritsyan bildirib ki, rəsmi qurumlar dünənki axtarışlarla bağlı hər hansı açıqlama verməkdən imtina edir. Üstəlik heç bir xəbərdarlıq edilmədən bir neçəsi yüksək rütbəli məmur olmaqla 10-dan çox polis əməkdaşının eyni vaxtda ofisə daxil olaraq axtarışlara başlaması cəmiyyət arasında müxtəlif söz-söhbətlərə səbəb olub: “Axtarışlar ötən yay həbs edilmiş rusiyalı iş adamı Samvel Karapetyanın işi ilə bağlı ola bilər. Çünki məhkəmənin axtarış qərarında Karapetyanın işinə istinad olunub. Bundan belə qənaətə gəlmək olar ki, burada bu prosesdə istifadə oluna biləcək nəsə tapmağa çalışıblar. Hətta Qarabağdan köçənlərin problemlərinin həllinə kömək məqsədilə çevrilişə cəhd ittihamları da səslənir.
Yeritsyan onu da bildirib ki, Ermənistan İstintaq Komitəsinin əməkdaşları axtarış zamanı sındırılmış seyfdən götürdükləri bəzi qovluqları özləri ilə aparıb. Vəkilin sözlərinə görə, təkcə bu fakt məsələnin ciddiliyindən xəbər verir: “Hesab edirik ki, axtarış “müstəqillik referendumu günü” və Dağlıq Qarabağın “konstitusiyası”nın qəbulu ilə bağlı ofisdə aparılmış müzakirələrə görədir. Çünki həmin toplantıda Qarabağdan köçmüş ailələrin qeydiyyat məsələlərinin tam həll edilmədiyi, onların mənzil-məişət və məşğulluq təminatının dözülməz həddə çatdığına dair hesabatlar müzakirə edilmiş, müəyyən təkliflər verilmişdi. Amma görünür ki, orada səsləndirilən fikirlər hökuməti qane etməyib və heç bir xəbərdarlıq edilmədən ofisdə axtarışlar aparılıb, sənədlər müsadirə edilib. Bununla bağlı xüsusi qərar da olub, müstəntiqlər sənədlərin götürülməsinə dair order təqdim ediblər”.
Xatırladaq ki, Samvel Karapetyan bu ilin iyununda Ermənistanda hakimiyyəti devirməyə açıq çağırış ittihamı ilə həbs olunub. Onun həbsi Rusiyada rezonans doğurub. Hətta Xarici İşlər Nazirliyi səviyyəsində bu məsələyə münasibət bildirilib. Elə həmin ərəfədə Karapetyanın tərəfdarları “Bizim yol” adlı siyasi hərəkat yaradaraq onu 2026-cı ildə keçiriləcək parlament seçkilərində namizəd elan ediblər. Bundan sonra həbsdə olan rusiyalı iş adamının azadlıqdakı tərəfdarları vasitəsilə separatçılarla əlaqələr qurmasına dair iddialar səslənib. Erməni mətbuatı isə Samvel Karapetyanın gələnilki seçkilərdə Kremlin əsas namizədlərindən biri olacağını yazır.
Elxan SALAHOV